Ukraynada Rusiya telekanallarının yayımına qadağa qoyuldu

11 Mart 2014 16:10 (UTC+04:00)
Ukraynanın Televiziya və Radio məsələləri üzrə Milli Şurası martın 11-i saat 19:00-dək (yerli vaxtla) proqram xidmətləri provayderlərindən öz şəbəkələrində Rusiyanın "Vesti", "Rossiya 24", ORT, "RTR Planeta", "NTV-Mir" kanallarının retranslyasiyasını dayandırmağı tələb edib.

Trend-in UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə Milli Şuranın proqram xidmətləri və kabel operatorlarının provayderlərinə çağırışında deyilir.

Məlumatda qeyd olunur ki, 11 mart saat 12:00-a (yerli vaxtla) olan vəziyyətə görə, bütün Ukrayna üzrə provayderlərin artıq 50 faizi bu əcnəbi kanalların yayımını dayandırıb, digərləri isə dayandırmağa hazırlaşır.

Ukraynanın informasiya məkanındakı bu vəziyyətin informasiya təhlükəsizliyinin təmin olunmasının zəruriliyindən irəli gəldiyi bildirilir.
Bununla yanaşı, Milli Şura Ukrayna şəbəkələrində ATR, "Krım" DTRŞ və Qara dəniz TRŞ-nin telekanallarının yayımının təmin edilməsini tövsiyə edib.

AzNews.az