Marşrutda süni qiymət artımı: Sürücülər sərnişinlərin cibinə girir- Foto

11 Mart 2014 16:59 (UTC+04:00)

Qaradağ rayon sakinləri 164 saylı marşrutda süni qiymət artımına etiraz edir.

Rayonun Ümid qəsəbəsinin sakinlərindən AzNews.az-a daxil olan şikayətdə bildirilib ki, adıçəkilən yaşayış məntəqəsindən rayonun Sahil qəsəbəsinə qədər marşrutun gediş haqqı 20, Sədərək Ticarət Mərkəzinə qədər isə 35 qəpik müəyyənləşib.

Son bir ayda isə gediş haqqında qiymət artımı tətbiq edilib. Sərnişin avtobusları sərnişinləri Ümid qəsəbəsindən Sahilə 30, Sədərək Ticarət Mərkəzinə isə 50 qəpikdən aparır.

Nəticədə Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Ümid sakinləri ilə sürücülər arasında dəfələrlə mübahisə yaranıb.

Şikayətçilər onu bildirib ki, dəfələrlə sərnişinlərlə sürücülər arasında əlbəyaxa qarşıdurmalar olub: "Xətt sahibləri dövlətin müəyyənləşdirdiyi qanunun əleyhinə fəaliyyət göstərirlər. Maddi durumumuzun o qədər ürək açan olmadığı vaxtda bizə qarşı haqsızlıq edirlər. Sürücülərə gediş haqqını artıq aldıqlarını və qanunsuzluq etdiklərini dedikdə isə "Bu rəhbərliyin göstərişidir. Bizdən asılı deyil" deyə, cavab verirlər.

Məsələ ilə bağlı Nəqliyyat Nazirliyi Bakı Sərnişin Nəqliyyatından AzNews.az-a bildirilib ki, 164 saylı sərnişin avtobusda gediş haqqı 35 qəpikdən müəyyənləşib.

Bakı Sərnişin Nəqliyyatın cavabı isə bizə onu deməyə əsas verir ki, marşrut - xətt sahibi "General Avto Company"ın rəhbərliyi sərnişinlərin cibini soyur.

İlqar Vəliyev
AzNews.az