İlham Əliyev Dünya Bankının nümayəndə heyətini qəbul edib

11 Mart 2014 18:06 (UTC+04:00)
Prezident İlham Əliyev martın 11-də Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktoru Henri Keralinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


Henri Kerali Azərbaycanda həyata keçirilən iqtisadi inkişaf tədbirlərini, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib. O, Dünya Bankı ilə ölkəmiz arasında əməkdaşlığın razılıq doğurduğunu bildirdi.

Son illər Azərbaycanda uğurlu iqtisadi inkişafa nail olunduğunu vurğulayan Prezident İlham Əliyev hazırda ölkəmizdə yeni beş illik iqtisadi inkişaf proqramının təsdiq edildiyini və həmin proqramda qeyri-neft sektorunun və sənayenin inkişafına əsas prioritet sahələrdən biri kimi geniş yer ayrıldığını dedi.

Dövlətimizin başçısı proqramın icrasında Azərbaycanda yüksək demoqrafik inkişaf proseslərinin nəzərə alındığını da qeyd etdi. Prezident İlham Əliyev ölkədə orta təbəqənin sosial vəziyyətinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirdi.

Görüşdə Azərbaycanla Dünya Bankı arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, mədəniyyət və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


AzNews.az