“Sovetski” belə olacaq- FOTO

12 Mart 2014 10:02 (UTC+04:00)
Ərazidə yeganə yeni tikinti böyük Azərbaycan ənənələri ruhunda "Şəbəkə" olacaq

Bakının "Sovetski" deyilən ərazisinin gələcək taleyi, demək olar ki, hər kəsi dərindən düşündürür. Bu mövzu heç də uzaq gələcəyə aid deyil. Artıq bu barədə müəyyən fikir və təkliflər də mövcuddur. Dünyanın müxtəlif yerlərində çoxsaylı landşaft və park layihələrinin müəllifi memar Laura Peretti Bakının mərkəzində parkın yaradılması ilə bağlı maraqlı layihə təqdim edib. Bakupost.az xəbər verir ki, onun sözlərinə görə, təklif etdiyi park özündə kəsişən avtomobil yollarından uzaq yaşıl zona yaratmağı nəzərdə tutur.

Bu da şəhərin yeraltı və yerüstü hissələri arasında əlaqəni təmin edən yeraltı yol şəbəkəsi sayəsində mümkündür. Bu şəbəkə bəzi yolların genişləndirilməsini, eləcə də yeraltı yolların inşasını nəzərdə tutur.

"Bu, şəhərin səs-küyündən, necə deyərlər, qaçıb gizlənməyə imkan verən əsl təbii parkdır və bu məkan daha çox Nyu-Yorkdakı mərkəzi parka bənzəyir. Mən bu parkı şəhərin yaşıl "ağ ciyərləri"nə bənzədərdim".

Sözügedən ərazidə hər hansı hündür bina inşa olunmayacaq. Layihənin strategiyasında ərazidə mövcud olan və Azərbaycanın memarlıq abidələri hesab olunan tikililərin, eləcə də artıq inşasına başlanmış tikililərin qorunub saxlanması nəzərdə tutulur. Nəhayət, Təzə Pir məscidinə açılan geniş ərazi sayəsində məscidi, hətta uzaqdan seyr etmək imkanı yaranacaq.

Yeganə yeni tikinti böyük Azərbaycan ənənələri ruhunda "Şəbəkə" olacaq. Bu "Şəbəkə" uzun örtülü iki səviyyəli qalereya şəklindədir, bura geniş parkinq, bar, fitnes klub, uşaqlar üçün oyun meydançaları, mədəniyyət mərkəzləri, mağazalar və digər xidmətlər daxildir. Şəhər və park arasında keçid rolunu oynayan, Alov Qüllələri ilə İnşaatçılar prospektini vizual şəkildə birləşdirən "Şəbəkə" həmçinin Bakının gecə həyatının mərkəzinə çevrilə bilər. Yuxarıdan baxanda "Şəbəkə" gecə işıqlarının nurunda böyük parlaq xalçaya bənzəyəcək.

AzNews.az