Qulaqlı həftə - 7 günün xülasəsi

27 Avqust 2012 10:14 (UTC+04:00)
Ötən həftəni bayramla başladıq. Allahı sevməyi öyrədən, insanlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verən, təmiz, vicdanlı olmağa yönəldən 11 ayın sultanı Ramazan bayramı ölkə boyu qeyd edildi. Müqəddəs hesab edilən yerlər ziyarət edildi, dualar oxundu.

Bayramı qara gələnlər

Amma deyəsən, duaları qəbul edilməyənlər da olub. Bayram günləri təkcə yol qəzalarında 15 nəfər öldü, 46 nəfər isə xəsarət aldı.
Bayram günlərində nəqliyyat sektorunda bir məyusedici hal da nəzərdən qaçmadı: rayonlara gedən marşrutlarda gediş haqqı qeyri-rəsmi qaldırıldı. Rəsmi olan isə bayram günləri bölgələrə gedənlərin sayı idi: iki günə 22 min!
Bayramda ordudan da bəd xəbərlər aldıq: qayadan yıxılaraq 5 gün xəstəxanada yatan Azərbaycan ordusunun əsgəri 24 yaşlı Samir Adıgözəlov dünyasını dəyişdi. Bu hadisə ordudakı neqativ halları yenidən gündəmə gətirdi, qorxunc statistika meydana çıxdı: Bu ilin əvvəlindən indiyədək 65 hərbçi ölümü qeydə alınıb. Bunlardan yalnız 14 nəfər düşmən gülləsinə tuş gəlib. Qalan 52 hərbçi qeyri-döyüş şəraitində, müəmmalı şəkildə dünyasını dəyişib.

İşğal altındakı torpaqlara Suriya ermənilərin köçürülməsi məsələsinin baş tutmaması xəbəri isə eynimizi bir az açdı. Bəli, məlum oldu ki, Suriya erməniləri işğal altındakı Azərbaycan torpaqlarında yerləşməkdən imtina ediblər.

Həlqə daralır: 3 badam, bir qoz

Suriyadan söz düşmüşkən, həftə boyu bu ölkədə qırğınlar, vətəndaş müharibəsi davam etdi. Beynəlxalq aləmin isə məsələyə münasibəti bir qədər konkretləşmiş kimi göründü. Rusiya və İran Əsəd rejiminin açıq müdafiəsinə başladı: Rəsmi Moskva qərbi Suriya müxalifətini Bəşər Əsəd rejiminə qarşı silahlı mübarizəyə təhrik etməkdə günahlandırdı: "Bizim qərb partnyorlarımız indiyə qədər müxalifətə hökumətlə dialoqa getmək üçün heç bir təsir göstərmədilər";

İranın dini lideri isə Suriyaya müdaxilə edən qərb dövlətlərinə qarşı açıq müharibə aparmaq üçün Qüds güc mənbələrinə əmr verdi.
ABŞ isə Əsəd rejiminə daha bir xəbərdarlıq etdi. Prezident Barak Obama dedi ki, Suriya hakimiyyəti kimyəvi silahdan istifadə edərsə, ABŞ ordusu Suriyaya hərbi müdaxilə edə bilər.

Abdulla Gül dözə bilmədi

Suriya məsələsində başı ağrıyan qardaş Türkiyə çarəsiz duruma düşməsi açıq-aydın göründü. Bir tərəfdən Suriyadan gələn qaçqınlar, digər tərəfdən qarşılıqlı ittihamlar, hədələr, terror təhdidləri... Ötən həftə baş verən terror aktları da təhdidlərə ciddi yanaşmağın lazımlığını göstərir. Qaziantepdə bir –birinin ardınca iki partlayış baş verdi.  8 nəfər öldü, azı 50 nəfər yaralandı. Partlayışın PKK terrorçuları tərəfindən törədildiyi bildirildi. 
Bunun ardınca daha bir sarsıdıcı xəbər eşitdik: 10 əsgər qəza nəticəsində ölüb, 4 əsgər və bir uşaq isə yaralanıb. 

İki gün sonra – 23 avqustda 4 əsgərin şəhid xəbəri gəldi. Hakkari şəhərində baş vermiş partlayışlarda isə 4 şəhidlə yanaşı 6 əsgər yaralandı. Ürəkağrıdıcı xəbərlərdi. Amma qəribəsi budur ki, Abdulla Gülün ürəyi yox, birdən-birə qulağı ağrıdı. Özü də Qırğızıstanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitində. O, səfəri yarımçıq buraxdı.

Strateji xəyanət
 
Ötən həftə özünü Azərbaycanla strateji tərəfdaşı adlandırdığı Ukraynanın xəyanətkar addımının üstü açıldı: Ermənistana silah satışı ilə bağlı müqavilə aşkarlandı. 

Müqaviləyə əsasən, 298 min dollar dəyərində 800 000 ədəd patron və patron üçün 200 000 ədəd patron həlqəsi (34 min dollar) alıb. Ermənistan şirkəti aldığı hərbi əmlakı Birləşmiş Ərəb Əmirlərinə satmalıymış. Qeyd edək ki, Ukrayna ilə Ermənistan arasında hərbi sahədə əməkdaşlıq, eləcə də silah-sursat satışı Viktor Yanukoviçin hakimiyyətə gəlməsindən sonra intensiv xarakter alıb.

Amerika isə Ermənistanın xəyanətinin üstünü açdı və düşmələrimizə "qulaqburması" verdi. Məlum oldu ki, İranın beynəlxalq embarqoları aradan qaldırmaq üçün Ermənistan və İraq banklarından yardımlar almasına dair məlumatlar ABŞ-ı məyus edib. Sən demə, Ermənistan və İraq bankları beynəlxalq maliyyə transferləri ilə İran iqtisadiyyatına dəstək olur. Ermənistanı şübhəli ölkələr siyahısına salan məqam isə bu ölkədəki İran banklarının yerinə yetirdiyi beynəlxalq əməliyyatlardır. ABŞ 2007-ci ildə Ermənistana İran üçün əməliyyatlar gerçəkləşdirməmək barədə xəbərdarlıq etdi.

Prezident İrana niyə getmədi?

Ötən həftə İran-Azərbaycan münasibətlərində gərginləşmə müşahidə olundu. İranın dini lideri Ayətullah Əli Xamneyinin  "Avzoviziya" ərəfəsində Azərbaycanda terror törədilməsilə bağlı göstəriş verməsi xəbəri yayıldı. Bunun ardınca isə İlham Əliyev fars rejiminə qarşı bir-birinin ardınca iki sərt mövqe sərgilədi: Avqustun 24-də Bakıya səfər edən İran xarici işlər nazirinin müavini Seyid Abbas Araqçını qəbul etməyib;
Qoşulmayanlar Hərəkatının Tehran sammitində iştirakdan imtina etdi.

19,5 milyon avroluq yardım

Ötən həftə bu ilin yanvar-iyun ayları ərzində xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı açıqlandı: 1,686 milyon nəfər.
Eyni zamanda Azərbaycana gələn əcnəbi vətəndaşların sayı da bəlli oldu. Məlum oldu ki, gələnlərin sayı 1 088 823 nəfərə çatıb.
Amma bunlar rəsmi məlumatdır.

Qeyri-qanuni yollarla gələnlər və ya vaxtından artıq qalanlar da var. Belə olmasaydı, Azərbaycan Miqrasiya Xidməti təkcə ötən həftə ərzində 24 əcnəbini ölkədən deportasiya etməzdi. Bu arada Miqrasiya Xidməti üçün Qərb "bayram sovqatı" göndərdi: Avropa Komissiyası ədliyyə və miqrasiya sahəsində islahatlara dəstək məqsədilə Azərbaycana yeni maliyyə ayırdı. Az məbləğ deyil: 19,5 milyon avro.

Elçibəy həftəsi
 
Ötən həftə boyu Azərbaycanın daxili siyasi gündəmini mərhum Əbülfəz Elçibəyin zəhərlənməsi məsələsi zəbt etdi.
Bu məsələdə hakimiyyətdə olan qüvvələrin seyrçi kimi çıxış edəcəyi gözlənilirdi. Amma tam əksinə oldu. Ən yüksək dairələrdən Hafiz Hacıyevə dəstək gəldi. Prezident Aparatının şöbə müdiri Əli Həsənov Hafiz Hacıyevin çox ciddi adam olduğunu söylədi.

YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə bu məsələnin prokurorluq tərəfindən axıracan araşdırılmasının vacib olduğunu dedi. Üstəlik Əli Kərimlini oğurluqda da suçladı: "Elçibəy Türkiyədə xəstəxanada olanda ondan 150 min dollar oğurlanmışdı. Bu hadisə Əli Kərimlinin Türkiyəyə səfərindən sonra ortaya çıxdı".

Bu məsələyə Zeynəb Xanlarovadan gözlənilmədən reaksiya gəldi. Onun birdən-birə Əli Kərimliyə dəstək verməsi isə təəccüb doğurdu və çoxlu - çoxlu suallar yaratdı...

Polisimiz Amerikanın hesabatlarında

Ötən həftə Nəsimi polisinin aşkara çıxartdığı fakt çoxlarımızı heyrətləndirdi. Paytaxtda mənzillərdən birində qadın tiryəkxanasının aşkarlanması əlbəttə, heyrətamiz hadisədir. Sən demə, şəhərin düz göbəyində kefini ala buludlara qaldırmaq istəyən qadınlar Nəsimi rayonu ərazisində Aynurə Məmmədovaya məxsus mənzilə gedirmişlər.
Ucar rayon polis şöbəsinin saxlanılan A. Hüseynov adlı şəxsin ölümü isə polisi "göydən yerə vurdu". Onun işgəncə nəticəsində öldürülməsi məsələsi ən yüksək dairələrdə müzakirə mövzusuna çevrildi. Düzdür, aidiyyəti qurumlar 34 yaşlı bu şəxsin ölümünə səbəb kəskin ürək-damar çatışmazlığı olduğunu dedi, amma... A.Hüseynovun "YouTube"da yaylan görüntülərində onun boynunda, qollarında və başında xəsarət izləri göstərilir. "Öz əcəli ilə ölən adamın boynunda izlər olur" sualı hələ cavabsız qalıb. 
Polis işgəncəsi və özbaşınalığı ilə bağlı daha bir xəbər də Abşerondan gəldi. Sahə müvəkkili polis rəisinin tapşırığı ilə qaçqınları kirayə qaldığı evdən küçələrə atıb. Evi tərk etməyəcəkləri təqdirdə onları narkotiklə şərləyib tutacaqlarını bildiriblər. Şükür Allaha ki, ölən və yaralananlar olmayıb. Bu məsələlər DİN-dəki biabırçılıqlar ABŞ Dövlət Departamentinin hesabatına da düşüb. 2011-ci ili əhatə edən insan haqları hesabatında Nizami Polis İdarəsinin təcridxanasında ölmüş Elvin Əsgərovun, Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında vəfat etmiş Turac Zeynalovun adları çəkilir. Hesabatda ötən il ən azı 9 nəfərin polisdə və ya hərbi təcridxanada ölməsi barədə məlumat əks olunur. Həmçinin qeyd olunur ki, polis bölməsində saxlanılanlar ən pis rəftara məruz qalırlar. Polislərimiz isə hesabat-zad oxumazlar. Şənbə günü əməkdaşımız Bakı şəhər, 8-ci mikrorayon, Heydər Hüseynov küçəsi 12 ünvanında polisin əhaliyə necə divan tutmasını xəbərini yazdı. Əraziyə təcili tibbi yardım maşınlar gəlib, amma adam ölümü barədə məlumat hələ ki, yoxdur. Hadisəyə səbəb gecəylə obyektləri sökülən sahibkarların heç olmasa, obyektlərindəki mallarını götürmək cəhdi olub. Cəhdin qarşısı ciddi-cəhdlə alınıb.
Yasamalda isə söküntüyə yox, tikintiyə görə sakinlər ayağa qalxdı. "5-ci Yasamal" deyilən ərazidə 10-dan çox ailə evlərinin 5 metrliyində tikilən ticarət mərkəzinə görə avqustun 25-də yaxınlıqdan keçən yolu bağladılar. Ticarət mərkəzinin tikintisinin dayandırılmasının tələb edən sakinlər evlərində iri çatların meydana gəldiyini, həyatlarını təhlükə altında olduğunu bildirdilər. Ticarət mərkəzini "Azəryolservis" ASC-nin rəhbəri Cavid Qurbanovun tikdirdiyi bildirilir.

Yeni müxalif birlik

Yola verdiyimiz həftədə 16 müxalifət partiyası yeni qurum yaratdı. AMİP, DBP, ALP, Aydınlar Partiyası, ADP, ACP, BAP, Azadlıq Partiyası, KXCP, Yaşıllar Partiyası, ALDP, VHP, Ümid, VAMBP, Azad Azərbaycan Partiyası və Demokratik İslam Partiyası əməkdaşlığın daha da genişləndirilməsi və müzakirələrin davamlılığını təmin etmək məqsədilə Demokratik Qüvvələrin Məşvərət Məclisini (DQMM) təsis etdilər.

İdman mükafatı və "mükafatı"

İki xəbər də Azərbaycan idmanından:
XXX London Yay Olimpiya Oyunlarında medal qazanmış idmançıların mükafatlandırma mәrasimi keçirildi. Әldә olunan 2 qızıl, 2 gümüş, 6 bürünc medal sahibləri mükafatlandırıldı. Birinci yeri tutan hər bir idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat; ikinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat; üçüncü yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat təqdim olundu.
Futbol sahəsində isə daha bir biabırçılıq baş verdi: 3 futbol klubu - "Karvan", "MKT-Araz" və "Muğan" dağıldı. 

Elçin
AzNews.az