“Sahil”dəki yanğınla bağlı RƏSMİ məlumat

12 Mart 2014 16:01 (UTC+04:00)
Fövqəladə Hallar Nazirliyi (FHN) "Sahil" Ticarət Mərkəzindəki yanğınla bağlı rəsmi məlumat yayıb.

AzNews.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Səbail rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 2000 kv.m olan ticarət mərkəzində mağazalar və geyim malları 800 kv.m sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən binadan 37 nəfər təxliyə olunub.

Üçüncü mərtəbənin qalan hissəsi, ticarət mərkəzinin 1,2-ci mərtəbələri və yuxarı mərtəbələrdəki mənzillər yanğından mühafizə olunub. Yanğın saat 11:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd edək ki, bu gün səhər saat 9:48-də Bakının Səbail rayonunda, metronun "Sahil" stansiyasının üstündəki binanın 3-cü mərtbəsində, "Sahil" Ticarət Mərkəzində güclü yanğın baş verib. Yanğın zamanı 3 nəfəri tüstüdən zəhərlənməklə ümumilikdə 5 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

AzNews.az