Bakıda Pakistan İslam Respublikasının yaranmasının ildönümü qeyd olunub

13 Mart 2014 21:24 (UTC+04:00)
Bu gün Bakıda Pakistan İslam Respublikasının yaranmasının ildönümü qeyd olunub.

APA-nın məlumatına görə, Pakistanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunmuş mərasimdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri, Bakıdakı diplomatik korpusların əməkdaşları, Azərbaycanda fəaliyyət göstərən pakistanlı iş adamları iştirak ediblər.

Mərasimdə əvvəlcə Azərbaycan və Pakistanın dövlət himnləri səsləndirilib. Tədbirdə çıxış edən Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayser iki ölkə arasındakı münasibətlərdən danışaraq bildirib ki, dövlətlər beynəlxalq platformalarda biri-birlərini dəstəkləyir. Hazırda bu münasibətlər qardaşlıq səviyyəsindədir. Səfir Pakistanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bu fikrində dönməz olduğunu bildirib.

Çıxış edən gənclər və idman naziri Azad Rəhimov Azərbaycan və Pakistanın bütün sahələrdə əlaqələri genişləndirdiyini, siyasi və diplomatik sahə ilə yanaşı iqtisadi, hərbi və hərbi texniki sahələrdə sıx əməkdaşlıq etdiyini vurğulayıb. Nazir Azərbaycanın hər zaman Pakistanın yanında olduğunu bildirərək münasibətlərin daha da inkişaf edəcəyinə ümidvar olduğunu deyib.

AzNews.az