Həbsdən azad edilən “Ergenekon” məhbuslarının sayı 48 oldu

13 Mart 2014 21:28 (UTC+04:00)
Prezident Gül "camaat"ın kurslarını ləğv edən qanun dəyişikliklərini imzaladı; Keçmiş nazir Çağlayan rüşvət alanlara "əxlaqsız" dedi

30 mart bələdiyyə seçkiləri yaxınlaşdıqca Türkiyənin siyasi gücləri arasında gərginlik artmaqda davam edir. Martın 13-də "Ergenekon" istintaqı üzrə həbs edilən Bedirhan Şinal azadlığa çıxıb. Qeyd edək ki, o, "Cümhuriyyet" qəzetinin ofisinə Moliotov kokteyli atmaqda suçlu bilinərək 7 il 3 ay azadlıqdan məhrumetmə cəzası almışdı. Bununla da martın 7-dən indiyə qədər azad edilən məhbusların sayı 48-ə çatıb. İndi Silivri Cəza Evində 6 "Ergenekon" məhbusu qalıb. Yaxın günlərdə onların da həbsdən azad ediləcəyi ilə bağlı gözləntilər var.

Martın 11-də vəfat edən 15 yaşlı Berkin Elvanın dəfn mərasimindən sonra keçirilən etiraz nümayişində bir polis və bir mülki şəxsin həlak olması da ölkədə ciddi etirazlara səbəb olub. Yada salaq ki, "Gəzi Parkı" olayları dağıdılan zaman polisin döydüyü 14 yaşlı gənc 269 gün komada qaldıqdan sonra vəfat edib. Martın 12-də onun dəfninə 1 milyondan çox İstanbullu qatılıb. Dəfndən sonra polisin su şırnağı, səs bombası və bibər qazı ilə kütləyə hücumu zamanı onlarla insan yaralanıb, 2 nəfər həlak olub.

Martın 13-də prezident Abdullah Gül təhsil haqqında qanuna dəyişiklikləri imzalayıb. Dəyişikliklər bir sıra digər təkmilləşdirmələrlə yanaşı ölkədəki bütün tədris kurslarının bağlanmasını nəzərdə tutur. Bu proses 2015-ci ilin sentyabrına qədər mərhələli şəkildə həyata keçiriləcək. Bu düzəlişlərdən ən çox Fətullah Gülən camaatının ziyan çəkəcəyi bildirilir.

Baş nazir Ərdoğan martın 13-də AKP-nin Mersində və İstanbulda keçirilən təbliğat mitinqlərində çıxış edib. Mersində keçirilən mitinqdə Ərdoğandan öncə kürsüyə 17 dekabr Böyük Rüşvət əməliyyatından sonra istefa verməyə məcbur olan keçmiş ekologiya və şəhərsalma naziri, Mersin millət vəkili Zəfər Çağlayan çıxıb. Zəfər Çağlayan 17 dekabr Böyük rüşvət əməliyyatının açar ismi iş adamı Rza Zərrabdan rüşvət olaraq 700 min lirəlik saat almaqda ittiham edilirdi.

Çağlayan çıxışında iddiaların əsassız olmasından danışıb: "Əgər saat hədiyyə almışamsa mən, almamışamsa aldığımı söyləyən namərddir, ədəbsizdir, əxlaqsızdır. Biz rüşvəti yox, rüşvətxorluğun önünü kəsən hakimiyyətik. 17 dekabrdan az öncə siyasətdən getmək istədiyimi demişdim. Artıq qərarımı dəyişmişəm. Sonadək partiyama iftira atanlarla vuruşacam".

Baş nazir Ərdoğan İstanbul mitinqindəki çıxışında martın 12-də gecə saatlarında İstanbulda Burakcan Karamanoğlunun qətli üçün milliyyətçilərin və ülküçülərin məsuliyyət daşıdığını deyib: "İstanbulda polis maşınlarına hücum etdilər. Guya dəfn mərasiminə gəliblər... Bizim 10 seçki koordinasiya mərkəzimizi yandırıblar. Seçki təbliğatı aparan maşınımızı yandırıblar. Nəyə görə? Belə etiraz olar?".

Milliyyətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli partiyasının təbliğat mitinqlərindən sonra qəzetçilərin suallarını cavablandırıb. MHP lideri partiya üzvlərinin qətl hadisəsində suçlanmasını iftira adlandırıb: "Bizim heç bir üzvümüzün həmin qətl hadisəsi ilə bağlılığı yoxdur. Bölgədə yaşayan vətəndaşları bizə qarşı ifadə verməyə təhrik edirlər. Bu, MHP-yə qarşı provokasiyadır. Partiya üzvlərimizə çox ciddi təlimat vermişəm – heç bir yerdə heç bir halda heç bir təxribata uymayacağıq. AKP özü düşdüyü quyuya digər partiyaları da çəkmək istəyir. Ancaq boş yerə çabalamasınlar. Millət 30 martda sözünü deyəcək".


AzNews.az