Tikinti materiallarının qiymətləri qalxdı

27 Avqust 2012 12:45 (UTC+04:00)
Avqust ayında tikinti materiallarının orta qiymətində təxminən 5 faiz artım baş verib. Ekspertlər yanvar ayından bu vaxtadək müşahidə edilməyən bu artımın səbəbini tikinti mövsümü ilə əlaqələndirirlər.

Qiymət artımı əsasən künyə, şveller, DSP, boru, DVP, sink təbəqə, armatur, katinka, şifer, dam örtüyü, şüşə, laminat-parket, peneplast və s. materiallarda özünü göstərib.

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən AzNews.az-a verilən məlumata bildirilir ki, tikinti materiallarına tələbin artımı aktivliyin yüksəlməsinə və qiymətlərin artımına təsir göstərib.

Birliyin eksperti Rövşən Talıbzadənin sözlərinə görə, xüsusən sentyabr, oktyabr, ayları tikinti mövsümü olduğu üçün tikinti materiallarına olan tələb də bu aylarda artır. Elə buna görə də tələbin artımı iqtisadi qanunlara görə, qiymət artımına da gətirib çıxarır.

Məlumatda bildirilir ki, ay ərzində bazara təklif 3.2% azalıb. Bu isə Zaqatala rayonunda gedən bərpa işləri ilə əlaqədardır. Xüsusən mişar daşı və taxta materiallarının bazarda qıtlığı yaranıb. Bundan başqa tələbin artımı və bazarda dinamikanın yüksəlməsi qiymətlərin də artımına təsir göstərib.

Ekspert onu da bildirir ki, "qiymət artımı əsasən şiferdə özünü göstərib. Məlum olduğu kimi ölkədə may ayından keçmiş asbest şiferlərin satışı dayandırılmışdı. Buna səbəb isə asbest şiferlərinin insan sağlamlığı üçün zərərli olmasıdır. Buna görə də görə də Rusiyadan, Qazaxıstandan gələn dəmir şiferlərin qiyməti artıb. Qazaxıstandan gələn dəmir şiferlər 4.30, Rusiyadan gələn şiferlər isə 7.30 manat olub.

Bahadur Eyuboğlu
AzNews.az