Rusiya BMT-dən tələb etdi: ““Maydan”da baş verənlər araşdırılsın”

14 Mart 2014 10:28 (UTC+04:00)


Rusiya BMT-dən Kiyevdə "Maydan" hərəkatı zamanı baş verənlərlə bağlı araşdırmaların başlanmasını tələb edib.

AzNews.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, bu tələbin əks olunduğu bəyanat ötən gün BMT Təhlükəsizlik Şurasının iclasında Rusiyanın qurumdakı nümayəndəsi, səfir Vitaliy Çurkin tərəfindən təşkilata təqdim edilib. Bəyanatda Rusiyanın vəziyyətin gərginləşməsinin və müharibənin tərəfdarı olmadığı qeyd olunub.

Əlavə olaraq çıxış edən V. Çurkin deyib ki, aksiyalar zamanı şəhərin binalarından, həmçinin, "Maydan"ın komendatının qərargahından xüsusi hazırlıqlı nişançılar tərəfindən hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açılıb. V. Çurkin xatırladıb ki, "Maydan"ın komendatı hazırda Ukrayna Təhlükəsizlik Şurasının katibidir. Çurkin Rusiyanın mövqeyini açıqlayaraq, vurğulayıb ki, Kiyevdə baş verənlərə görə, legitimliklərini tanımadıqları hazırkı hakimiyyət nümayəndələri və onların qərbdəki ilhamvericiləri məəsuliyyət daşıyır: "Kiyevdə baş verənlərlə bağlı ciddi beynəlxalq təhqiqat aparılmasına ehtiyac var".

AzNews.az