Ağdaşda lal və kar qadını zorlayan kişi tutuldu

14 Mart 2014 10:40 (UTC+04:00)
Ağdaş rayonunda tükürpərdici hadisə baş verib.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Ağdaş şəhər sakini, 1979-cu il təvəllüdlü Qəhrəmanova İradə Vəli qızı həmyerlisi, 1978-ci il təvəllüdlü Məmmədov Rais Əlövsət oğlu tərəfindən zorla qaçırılaraq, cinsi təcavüzə məruz qalması barədə rayon polis şöbəsinə məlumat verib. Lal və kar olan 35 yaşlı İradə Qəhrəmanova küçə kənarına zibil atarkən Rais Ələsgərov tərəfindən zorla "VAZ 2106" markalı minik maşınına mindirilərək qaçırıldığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əlil qadına xəsarət yetirən, köməksiz vəziyyətdə onu cinsi təcavüzə məruz qoyan Rais Məmmədov tutularaq istintaqa təhvil verilib. Əvvəllər məhkumluq həyatı sürmüş Rais Məmmədov qadını zorladığını etiraf edib. Məlumata görə, qadın lal olduğu üçün küçədən qaçırılan zaman həyat yoldaşını və qonşuları köməyə çağıra bilməyib. Onun döyülərək zorla qaçırılması faktı da öz təsdiqini tapıb.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 149.1 maddəsi ilə (zorlama) cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, bir uşaq anası olan İradə Qəhrəmanovanın həyat yoldaşı da lal və kardır.

AzNews.az