Bakı meri metro ticarətçiləri ilə görüşü yarımçıq tərk etdi

14 Mart 2014 14:00 (UTC+04:00)
Bakı Metropolitenin stansiyalarında ticarətlə məşğul olan şəxslərlə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) rəhbərliyi arasında keçirilən görüş nəticəsiz və uğursuz qalıb.

Bu barədə musavat.com ticarət köşklərinin sahiblərinə istinadən məlumat yayıb.

Məlumata görə, ticarətçilər BŞİH-dən bir il vaxt istəyiblər. Onlar bunu əksəriyyətinin banklara külli miqdarda borcu olması ilə əlaqələndiriblər. Ancaq BŞİH rəhbərliyi bununla razılaşmayıb və ticarətçilərə müxtəlif ticarət mərkəzlərində yerlə təmin olunacaqları barədə vəd verib.

Ticarətçilər isə həmin yerlərin ucqar olduğunu, orada işləməklə pul qazana bilməyəcəklərini deyiblər. Görüşdə gərginlik yaranıb və Hacıbala Abutalıbov danışıqları yarımçıq tərk edib.

Bununla belə, razılıq əldə olunub ki, gələn həftənin birinci günü ticarətçilər və BŞİH rəhbərliyi yenidən görüşsünlər.

AzNews.az