ANS Nuşirəvan Məhərrəmliyə qarşı: “Verilişin bağlanmasına əsas yoxdur”

14 Mart 2014 14:33 (UTC+04:00)

Məlum olduğu kimi, ATV Bədii Şurasının mövzuların düzgün seçilməməsi, milli mənəvi dəyərlərin qorunmasında nöqsanların ortaya çıxması, fərdlərin hüquq və azadlıqlarının qanunvericilik çərçivəsində tənzimlənməsi işində qüsurların üzə çıxması ilə əlaqədar "Ümid var" verilişini bağlaması haqda qərar qəbul edib.

Bundan sonra isə MRTŞ-nin sədri Nuşirəvan Məhərrəmli AzNews.az-a açıqlamasında bildirib ki, sosial problemi olan ailələr üzərində bu cür addımların atılması ən azı mədəniyyətsizlikdir və bütün ictimaiyyəti narahat edir: "Ona görə də, bütün telekanallarda bu tipli verilişlərin dayandırılmasına nail olacağıq"

Maraqlıdır Zaur Baxşəliyevin aparıcısı olduğu verilişlə eyni formatda olan və media ekspertləri tərəfindən ən çox tənqid hədəfinə tuş gələn ANS-in "Adam içində" verilişini eyni aqibət gözləyirmi?

ANS Şirkətlər Qrupunun prezidentinin müşaviri Mais Məmmədov AzNews.az-a açıqlamasında verilişi bağlamaq fikrində olmadıqlarını deyib:

"Əgər veriliş tamaşaçıları qane edirsə, onun bağlanmasına heç bir əsas yoxdur. Elə ona görə də "Adam içində" verilişini bağlamaq barədə düşünmürük. Kimi həmin verilişdən xoşu gəlmirsə, kanalı çevirsin. Ölkədə 7-8 telekanal var. Kim hansı telekanala istəyirsə ona da baxsın. Məcburi heç nə yoxdur".

İlqar
AzNews.az