MTRŞ-da “Adam içində” və “Üz-üzə” də müzakirə olundu

14 Mart 2014 16:21 (UTC+04:00)
Bu gün MTRŞ-nin növbəti iclası keçirilib.

İclasda "ANS" telekanalında yayımlanan "Adam içində", "Azad Azərbaycan" telekanalında yayımlanan "Ümid var" və "Space" telekanalında yayımlanan "Üz-üzə" verilişlərində milli-mənəvi dəyərlərə zidd, əxlaq normalarına uyğun olmayan mövzuların müzakirəyə çıxarılması və bununla bağlı süjetlərin yayımlanması müzakirə edilib.

Bu tipli verilişlərin yayımlanmasının ictimaiyyət arasında haqlı narazılığa səbəb olduğu vurğulanmış, insanların şəxsi və ailə həyatı ilə bağlı olan, ümumilikdə isə Azərbaycan cəmiyyəti və mənəviyyatı üçün səciyyəvi olmayan bəzi neqativ faktların şişirdilərək təkrar-təkrar gündəmə gətirilməsi yolu ilə şou yaradılması və süni reytinq qazanmaq cəhdlərinin həm qanunvericiliyin tələbinə, həm də əxlaq normalarına zidd olduğu qeyd edilib.

Milli Televiziya və Radio Şurası tərəfindən telekanal rəhbərlərinə gələcəkdə öz proqram siyasətlərini tənzimləyərkən cəmiyyətdə formalaşmış ictimai rəyin nəzərə alınması, bu cür hallara daha həssaslıqla yanaşılması tövsiyə edilib.

AzNews.az