Yevda Abramov: “Nurçuların quyruğu olur?”

16 Mart 2014 08:10 (UTC+04:00)
Milli Məclisin deputatı Yevda Abramov AzNews.az-a müsahibə verib.

Azərbaycanda yəhudi icmasının nümayəndəsi olan Yevda Abramov müsahibəsində ölkədəki dini mühitdən danışıb, mövcud vəziyyəti təhlil edib. O, nurçuluqla bağlı maraqlı mövqe nümayiş etdirib.

- Yevda müəllim, hazırda Azərbaycanda dini vəziyyəti necə qiymətləndirirsiz?

- Hər zaman demişəm ki, Azərbaycan bu sahədə dünya ölkələrinin bir çoxu üçün nümunədir və öz mövqeyi ilə seçilir. Azərbaycanda bütün dinlər qanunvericilik çərçivəsində fəaliyyət göstərir. Ölkəmizi bu sahədə bir mərkəz olaraq təqdim etmək olar.

- Amma bəzi dini icmaların ölkəmizdəki fəaliyyəti ilə bağlı narahatlıq təbili çalınır. Məsələn, nurçu kimi tanınan dini zümrə ilə bağlı...

- Nə baş verdiyini deyə bilmərəm. Əslində "nurçu"luğun nə olduğu haqda müfəssəl məlumatım yoxdur. Mediadan oxuyuram ki, biri özünü ələvi, digəri nurçu adlandırır. Bəzən sual edirəm ki, nurçu olan adamın neçə gözü olur? Bəlkə quyruğu olur? Nəyi təbliğ etdiyini və fərqləndiyini anlaya bilmirəm.

- "Nurçu"luğun nə olduğunu bilməsəniz də nurçu kimi tanınan bəzi vəzifəli şəxslər eləcə də deputat həmkarlarınızın fəaliyyəti barədə yəqin ki məlumatınız var. Onların fəaliyyətində hansısa ziyanlı və yaxud da ziddiyyətli məqamlara rast gəlmisinizmi?

- Bunların fəaliyyətində dövlətçiliyimizə qarşı əks münasibət, görməmişəm. Hesab edirəm ki, siyasi texnoloqlar bu məsələni qabardaraq, qardaş Türkiyə ilə aramızı vurmaq istəyirlər. Bunu başqa cür qiymətləndirə bilmirəm. Lakin heç birimiz dini missionerlərin, təriqətçilərin radikallığından sığortalanmamışıq. Ola bilər ki, nələrsə baş verir, mən bilmirəm. Əgər kimsə səhv yola düşübsə, bundan yalnız məyus ola bilərəm. Çünki insan vətənə xidməti ilə ad qazanmalıdır, hansısa ziyanlı cərəyana qoşulmaqla yox.

- Dövlət qurumlarında nurçuların çalışdığına dair fikirlər də səsləndirilir. Həm də türk liseylərinin onların kurasiyasında olduğu deyilir. Buna münasibətiniz necədir?

- Bu fikirdə olan insanları Azərbaycan Türkiyə münasibətlərinin pozulmasına yönələn fəaliyyət kimi qiymətləndirirəm. Mən Qubadan seçilmiş deputatam. Rayonumuzda da türk liseyi var və çox yüksək səviyyədə də fəaliyyət göstərir. Bunu etiraf etmək lazımdır. Bu məktəbləri bitirən övladlarımızın əksəriyyəti ali məktəbdə təhsil almaq imkanına sahib olur. Uzun müddət pedaqoji fəaliyyətlə məşğul olmuşam.

Liseydə təhsil alan tələbələrin biliyi və intellektual səviyyəsi digər məktəblərdən müsbət mənada xeyli fərqlənir. Bunu gizlətmək də lazım deyil. Bunu etiraf edirəmsə, mən nurçu adlandırılmalıyam? Bu ifadəni qəbul edə bilmirəm.

- Əslində, heç kim həmin təhsil müəssisələrinin təhsil keyfiyyəti ilə bağlı mənfi fikir söyləmir. Problem təhsillə bağlı deyil. Problem təhsil müəssisələrinin bir vasitə kimi istifadə edilməsi, bu yolla öz adamlarının yetişdirilməsi və dövlətdə söz sahibinə çevrilmək planlarıdır. Bu proje Türkiyədə daha aydın hiss olunur. Qardaş ölkədə Gülən məktəblərinin, nurçuların dövlət üçün artıq ciddi təhlükəyə çevrildiyi Baş nazir səviyyəsində bəyan edilir...

- Mən yalnız onu deyə bilərəm ki, bu, Türkiyənin daxili işidir.

- Yevda müəllim, Qubadan olan bəzi şəxslərin Suriyada daxili çəkişmələrdə iştirakına dair də xəbərlər yayılır. Hətta onların vəhabi kimi tanınan radikal dini icmaların silahlı birləşmələrində döyüşdüyü haqda xəbərlər var. Bu barədə nə deyə bilərsiniz?

- Əlbəttə, Suriyada baş verən toqquşmalarda Qubadan, Qusardan, Zaqataladan da gedənlər ola bilər. Bu o demək deyil ki, sözügedən rayonlar Suriyadakı hadisələrə dəstək verir. Hər bir insanın özünə görə intellektual səviyyəsi və genetik norması var. Bir insan aldana, pula satıla və yaxud dolanışığının yaxşılaşdırılması üçün cəmiyyətdə qəbul olunmayan yolla gedə bilər.

- Ümumiyyətlə belə halların qarşısının alınması üçün sizcə, nə etmək lazımdır?

- Belə insanlara mənəvi dəstək olmaqla onları uçurumdan çəkindirmək olar. Bu gün ölkədə ağsaqqallıq institutu çox zəifləyib. Bəzi gənclərimiz çətinliyə dözə bilmir və nəticədə ayrı-ayrı insanların qarmağına düşür. Bizim çox intellektli gəncliyimiz var. İnanıram ki, bu çətinliyi də adlaya biləcəyik.

Amid Əyyuboğlu
AzNews.az