Moskvada Kremlin siyasətinə qarşı mitinq keçirilib

15 Mart 2014 20:01 (UTC+04:00)
Martın 15-də Moskvada Rusiyanın Ukrayna ilə bağlı atdığı addımlara, Krımın Rusiyaya birləşdirilməsinə etiraz olaraq "Sülh marşı" adlı anti-hərb aksiyası keçirilib.

Lent.az-ın "interfaks"-a istinadən məlumatına görə, mitinqdə Rusiya müxalifətinin tanınmış siyasətçiləri Boris Nemtsov, İlya Yaşin, Sergey Davidis, Oleq Orlov, Svetlana Qannuşkina və başqaları çıxış edib.

Çıxışçılardan biriindən örnəyi təqdim edirik:"Ölkədə imperialist isterikası geri dönür. Təəssüflər olsun ki, bizim vətəndaşlarımızın çox hissəsini də buna cəlb ediblər. Ola bilsin, biz azlıqdayıq, bizi xəyanətdə ittiham edirlər, bizi "5-ci kolon" adlandırırlar.

Vətənpərvərlik bəlkə televiziyada hakimiyyətin dediklərinə inanmaqdır? Yox. Vətənpərvərlik azlıqda olmaq və Ukraynaya təcavüzə qarşı səsini qaldırmaqdır. Bura yığışanlar "müharibəyə yox!" deməyə gəliblər. Bu hakimiyyət özü-üzünə ölüm hökmünü imzalayıb. Biz Kremldəki anti-Ukrayna, anti-Rusiya siyasətinə qalib gələcəyik".

Əllərində Ukrayna və Rusiya bayraqlarını tutan aksiyaçılar "Müharibəyə yox!", "Yaşasın Ukrayna!", "Yaşasın Rusiya!" şüarları səsləndiriblər.

Rusiyanın başqa şəhərlərində də "Müharibəyə yox!" şüarı altında "Sülh marşı"na dəstək aksiyaları keçirilib.
Tədbirin sonunda qəbul olunan qətnamədə Rusiya hakimiyyətinin Ukraynaya yönəli siyasəti tənqid edilib, qonşu dövlətin daxili işlərinə müdaxilə pislənilib.

Qətnamədə Rusiya və Ukraynadan olan ictimai xadimlər Krıma qoşun yeritdiyinə görə, Rusiya prezidenti Vladimir Putini tənqid edib.


AzNew.az