Avropadan Krımdakı “referendum” əməliyyatına münasibət

17 Mart 2014 09:34 (UTC+04:00)

Rusiyadan başqa, bütün ölkələr və beynəlxalq təşkilatlar Krım Muxtar Respublikasında keçirilən "referendum"u qeyri-qanuni elan edib.

AzNews.az-ın məlumatına görə, Krımın separatçı rəhbərliyinin təşəbbüsü ilə keçirilən referendum Avropa İttifaqına üzv 28 ölkənin heç biri tərəfindən qəbul edilməyib.

Avropa Şurası Venesiya Komissiyasi da bu referendumu qondarma hesab edib.

Böyük Britaniyanın xarici işlər naziri Ulyam Heyq də Krımdakı "referendum"u qeyri-legitim hesab etdiklərini deyib.

Krımdakı referendum Fransa xarici işlər naziri Loran Fabius tərəfindən də müsbət qarşılanmayıb. O, açıqlama verərək deyib ki, Rusiya Ukraynanın ərazi bütövlüyünə hörmət etməli və aqressiyaya son qoymalıdır.

Litva prezidenti Dalya Qribayskate bildirib ki, Krımda hərbi təzyiq vasitəsilə keçirilən referendum qondarmadır və bu addımı ilə Rusiya Ukrayna ərazilərinin ilhaq edilməsinə başladığına işarə vurur.

Xatırladaq ki, martın 16-da Krım Muxtar Respublikasının separatçı rəhbərliyi tərəfindən "referendum" keçirilib. Referendumda iki sual çıxarılıb: "Siz Krımın Rusiya Federasiyasının subyekti hüququ ilə Rusiyaya birləşməsinin tərəfdarısınızmı?" və "Siz Krım Respublikasının 1992-ci il Konstitusiyasının bərpasının və Krımın Ukraynanın bir hissəsi olmasına dair statusunun tərəfdarısınızmı?"

Məhəmməd
AzNews.az