Sabah güclü külək əsəcək

17 Mart 2014 12:48 (UTC+04:00)
Sabah Azərbaycan ərazisində güclü külək əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, Bakıda və Abşeron yarımadasında martın 18-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qrəb küləyinin günün birinci yarısında mülayimləşəcəyi, günün ikinci yarısında güclü cənub küləyi ilə əvəz olunacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 4-9, gündüz 11-16 dərəcə isti olacağı ehtimalı var.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, tez-tez güclü cənub-qərb və şimal küləklərinin biri-birini əvəz edəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Martın 18-də Azərbaycanın bəzi cənub və qərb rayonlarında havanın az yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Güclü qərb küləyi əsəcək.

Aran rayonlarında temperaturun gecə 5-10, gündüz 15-20, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

AzNews.az