Prezident və xanımı Şirvanşahlar Sarayı Kompleksində

17 Mart 2014 13:16 (UTC+04:00)
Martın 17-də Şirvanşahlar Sarayı Kompleksində yeni yaradılmış muzey ekspozisiyası təqdim edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni ekspozisiya ilə tanış olublar.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Bakının qədim tarixinin rəmzlərindən olan, min illik tarixə malik Şirvanşahlar dövləti hökmdarlarının iqamətgahı, orta əsr Şərq memarlığının nadir incilərindən biri, UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş Şirvanşahlar Sarayı Kompleksində yeni muzey ekspozisiyasını təqdim edib.

Dövlət tarix-memarlıq qoruq-muzey statusunu almış Şirvanşahlar Sarayı Kompleksi tarixində ilk dəfə olaraq qonaqları müasir dünya standartlarına cavab verən muzey ekspozisiyası ilə qarşılayacaq.

İçərişəhər ərazisində yerləşən çoxsaylı tarixi abidələrin qorunub saxlanılması, bərpası və təbliği sahəsində həyata keçirilən genişmiqyaslı işlər Prezident İlham Əliyevin milli mədəni irsimizə göstərdiyi daimi diqqət və qayğısı nəticəsində mümkün olub.

Ölkəmizin mədəni dəyərlərinin, o cümlədən zəngin tarixi-memarlıq irsinin incilərindən biri olan İçərişəhərin qorunmasında və dünyada tanıdılmasında Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun böyük rolu xüsusi qeyd edilməlidir. Məhz, Heydər Əliyev Fondunun təşəbbüsü ilə maddi-mədəniyyət abidələrimizin, xalqımızın zəngin mənəvi irsinin qorunması və təbliği istiqamətində müxtəlif layihələrin ardıcıl olaraq həyata keçirilməsi nəticəsində Azərbaycan mədəniyyəti dünya miqyasında tanınmağa başlayıb.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Şirvanşahlar Sarayı Kompleksində yeni yaradılmış muzey ekspozisiyası ilə yaxından tanış olublar.

Bildirilib ki, Şirvanşahlar Sarayı Kompleksində muzey ekspozisiyasının hazırlanması prosesində abidənin tarixi, memarlıq xüsusiyyətləri, saray həyatı və burada yaşamış hökmdarlar haqqında elmi tədqiqatlar aparılmış, müvafiq məlumatlar toplanaraq sistemləşdirilib. Yeni ekspozisiyanın yaradılmasına yerli və xarici mütəxəssislər cəlb olunmuş və bu işlər dünya muzeylərinin tərtibatı sahəsində ixtisaslaşan Avstriyanın "Arteks" şirkəti ilə birgə həyata keçirilib.

Ekspozisiyada zəngin muzey eksponatları ilə yanaşı, videoproyeksiya, animasiyalı multimedia, audio və video təqdimatlardan da geniş istifadə olunub. Bununla yanaşı, Şirvanşahlar Sarayı Kompleksində qonaqlar ilk dəfə multimedia bələdçilərindən də faydalana biləcəklər. "İpad Mini" bazasında hazırlanmış multimedia bələdçisi vasitəsilə ekspozisiyanın mövzuları ilə bağlı audio yazını Azərbaycan, ingilis, rus, alman və fransız dillərində dinləmək, müvafiq foto və video materiallarla tanış olmaq mümkün olacaq. Sarayın taxt-tac zalının tərtibatı və burada nümayiş etdirilən eksponatlar və video təqdimatlar Şirvanşahlar dövründə olan ab-havanı və interyer elementlərini təsəvvür etməyə imkan yaradacaq, Şirvanşahların tarixinin həcmli animasiyalı modeli isə buraya gələnlərdə xüsusi maraq doğuracaq. Muzeydə, həmçinin saray həyatı, şəhər memarlığı, etnoqrafiya, musiqi, xəttatlıq, arxeologiya kimi maraqlı mövzular da təqdim olunur.

Dövlət başçısı və xanımı kompleksin ayrı-ayrı sahələrini gəzdilər, burada yaradılan şəraitlə tanış olublar.

Məlumat verilib ki, yeni muzey ekspozisiyası, həmçinin Saray Kompleksinin ikimərtəbəli yaşayış binasının əvvəllər bura gələnlər üçün bağlı olan aşağı mərtəbəsini də əhatə edir. Binanın aşağı mərtəbəsinin otaqlarında Şirvanşahların dənizdən müdafiə istehkamına - Bayıl Qəsrinə aid geniş ekspozisiya da təqdim edilir. Bununla yanaşı, muzey ekspozisiyasına hazırlıq mərhələsində Saray Kompleksinə daxil olan yaşayış binasının divarlarının əzəli daş hörgüsü bərpa edilmiş, ərazidə abadlıq işləri aparılıb.

AzNews.az