Mədət Quliyev BQXK nümayəndəliyinin başçısı ilə görüşdü

17 Mart 2014 16:23 (UTC+04:00)
Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin başçısı xanım Deniz Duran və ölkəmizdə xidmət müddətini başa vuran müdafiə proqramı üzrə koordinator Fransua Blansidən ibarət nümayəndə heyətini qəbul edib.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, M.Quliyev BQXK-nın 1992-ci ildən etibarən Azərbaycandakı səmərəli fəaliyyətindən bəhs edib, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar itkin və əsir düşən şəxslərin taleyinə aydınlıq gətirilməsi, hərbi əməliyyatlar nəticəsində mənəvi və fiziki zərər çəkmiş insanlara yardım edilməsi sahəsində xüsusi xidmətlərinin olduğunu qeyd edib və bu fəaliyyətin penitensiar xidmət sahəsini də əhatə etdiyini xüsusilə vurğulayıb.

Penitensiar müəssisələrdə məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində davam etdirilən işlər barədə qonaqlara ətraflı məlumat verilib.

M.Quliyev BQXK ilə Penitensiar Xidmət arasındakı əməkdaşlığı çox yüksək qiymətləndirib və son illər ərzində məhz BQXK ilə əməkdaşlığın daha da genişlənməsi nəticəsində məhkumlara və təqsirləndirilən şəxslərə, xüsusilə də ağciyər vərəminə düçar olmuşlara göstərilən səhiyyə xidmətinin səviyyəsinin xeyli artdığını, bunun da nəticəsində həmin xəstəlikdən vəfat edən şəxslərin sayının nəzərəçarpacaq dərəcədə azaldığını və artıq ölkəmizin bu təcrübəsindən bir çox dövlətlərin nümayəndələrinin də bəhrələndiklərini bildirib.

BQXK-nın Azərbaycandakı nümayəndəliyinin başçısı D.Duran Penitensiar Xidmətlə əməkdaşlığın səmərəli olduğundan, komitənin tövsiyələrinə penitensiar müəssisələr tərəfindən fəal reaksiya verilməsindən və bu tövsiyələrin nəzərə alınmasından məmnun qaldığını ifadə edərək penitensiar müəssisələrə baş çəkilməsi üçün yaradılan lazımi şəraitə görə minnətdarlığını bildirib.

Sonda Penitensiar Xidmətlə BQXK arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

AzNews.az