Əli Həsənov: “Bu şəbəkələrin tərkibində dövlətə qarşı çıxıblar“

17 Mart 2014 16:51 (UTC+04:00)
"Azərbaycan dövləti hansı mövqedə, hansı cəbhədə olmasından asılı olmayaraq, bütün jurnalistlərə hörmətlə yanaşır".

APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı ilə bağlı jurnalistlər arasında keçirdiyi yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində bildirib.

Ə. Həsənov deyib ki, yaxın keçmişdə hansısa cərəyanların Azərbaycan jurnalistini Azərbaycan dövlətinə, milli maraqlara qarşı çevirmək cəhdləri olub: "Təəssüf ki, müəyyən qədər zəif insanlar bu cərəyanlara qoşulub, bu şəbəkələrin tərkibində dövlətinə, millətinə qarşı iştirak ediblər. Amma dövlət heç vaxt bu adamları cəzalandırmaq haqda düşünməyib. Onların cəzasını xalq, tarix verib".

PA rəsmisi bu gün Azərbaycanda jurnalistlərə hər cür şərait yaradıldığını vurğulayıb: "Jurnalistlər yaradıcı insanların ən aktiv təbəqəsidir. Prezident İlham Əliyev Heydər Əliyevin jurnalistlərə, yaradıcı insanlara olan qayğısını davam etdirir".

AzNews.az