Müharibə veteranları və əlilləri ilə bağlı FƏRMAN

17 Mart 2014 19:42 (UTC+04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərin, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərin, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinin, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərin, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərin və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərin rifah halını yaxşılaşdırmaq və onlara dövlət qayğısını artırmaq məqsədi ilə "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli fərmanının 1.1.7-ci yarımbəndində "37" rəqəmləri "45" rəqəmləri ilə əvəz edilsin.

Bu fərman 2014-cü il aprelin 1-dən qüvvəyə minir.

Dövlət başçısı "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün artırılması və "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli fərmanında dəyişiklik edilməsi barədə
də fərman imzalayıb.

Fərmana əsasən, müharibə əlillərinin sosial müdafiəsi məqsədi ilə "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün aylıq məbləği artırılaraq I qrup müharibə əlillərinə 150 manat, II qrup müharibə əlillərinə 130 manat, III qrup müharibə əlillərinə 100 manat müəyyən edilsin.

"Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli fərmanının 1-ci hissəsinin birinci-üçüncü bəndləri aşağıdakı redaksiyada verilir:

"I qrup müharibə əlillərinə - 150 manat
II qrup müharibə əlillərinə - 130 manat
III qrup müharibə əlillərinə - 100 manat.".

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu fərman 2014-cü il aprelin 1-dən qüvvəyə minir.

Prezident İlham Əliyev, həmçinin "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 952 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən, "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 952 nömrəli fərmanının 1-ci, 2-ci və 3-cü hissələri ləğv edilir.

Bu fərman 2014-cü il aprelin 1-dən qüvvəyə minir.

AzNews.az