Xalq artistinin ailə faciəsinə səbəb olan şəxslə bağlı RƏSMİ məlumat

17 Mart 2014 19:52 (UTC+04:00)
Xalq artisti Ağasəlim Abdullayevin ailə faciəsinə səbəb olan məmur oğlu həbs edilib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun adından daxil olan məlumatda bildirilir ki, "Mercedes-Benz G-55" markalı avtomobilin sürücüsü Xalid Mədətov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Suraxanı rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, martın 15-də saat 00:30 radələrində Suraxanı rayonu, Zığ şossesində Abdullayev Vüqar Ağasəlim oğlunun idarə etdiyi VAZ-2106 markalı 10-NB-466 dövlət qeydiyyat nişanlı avtomobillə Mədətov Xalid Mübariz oğlunun idarə etdiyi "Mercedes-Benz G-55" markalı 90-FE-007 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşmuşdur. Nəticədə "VAZ-2106"da olan sərnişinlər - 1959-cü il təvəllüdlü Briliant Abdullayeva və 2008-ci il təvəllüdlü Ağasəlim Abdullayev hadisə yerində ölüb, 1950-ci il təvəllüdlü Ağasəlim Abdullayev və 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdiriliblər.

Fakta görə Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Sürücü X.Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edildiyindən cinayət işi Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif olunub.

Hazırda iş üzrə istintaq davam etdirilir.

AzNews.az