Ukrayna hərbçilərinə təklif: “Rusiya ordusuna qatıla bilərsiniz”

19 Mart 2014 08:55 (UTC+04:00)

"Krım Muxtar Respublikasında xidmət aparan ukraynalı hərbçilər yarımadanın ərazisini sərbəst şəkildə tərk edə bilərlər".

AzNews.az-ın məlumatına görə, bu sözləri BBC-yə müsahibəsində Rusiya Prezidentinin köməkçisi Dmitriy Peskov deyib.

O, Ukrayna Silahlı Qüvvələrinin Krımdakı hərbçilərinin hazırkı məqamda seçim qarşısında olduğunu da söyləyib: "Onlar Krım Respublikasının hərbi qüvvələrinə də qoşula bilərlər. Bununla da onlar Rusiya Ordusunun tərkib hissəsinə çevrilə bilər. Əgər bu təkliflə razı deyillərsə, rahat şəkildə Krımdan çıxmalarına şərait yaradılacaq".

D. Peskov bildirib ki, rəsmi Moskvaya Krımda silahlı təxribatların olacağına dair məlumatlar da daxil olub.

Qeyd edək ki, artıq ötən gün Krımda atəş səsləri eşidilib. Ukrayna Ordusunun zabiti hərbi birləşməni ələ keçirmək istəyən Rusiya xüsusi təyinatlıları tərəfindən öldürülüb, ikisi isə yaralanıb. Həmçinin, əks tərəfdən də ölüm hadisəsi baş verib.

Xatırladaq ki, Krım Muxtar Respublikasının separatçı rəhbrəliyi bölgənin Rusiyaya birləşdirilməsi ilə bağlı martın 16-a referendum keçirib. Referenduma qatılanların 96,7%-i qərarın lehinə səs verib. Martın 18-də isə Krım və Sevastopol şəhərinin Rusiya Federasiyasının tərkibinə daxil olması barədə saziş imzalanıb.


AzNews.az