Azərbaycan hüquqi şüurunda Şəriət simvolu

19 Mart 2014 11:45 (UTC+04:00)
Şəriətdə qanunun ilahi əsası

Azərbaycanlıların qanunla bağlı şüurlarında "Şəriət" sözü ya açıqdan, ya altdan işləyərək cürbəcür sonuclar verir: bir vəziyyətdə görürsən ki, "Şəriət"in yaratdığı anışmalar qanuna sayğı yaradır, ancaq bu sayğıya Qərbdəkindən fərqli motivlər verir. Məsələn, Şəriət Qərbin leqal (hüquqi) sistmlərindən fərqli olaraq yalnız İlahi iradə ilə bağlı olan qanunları əsl qanun sayır, yəni qanunun məhz qanun olmasını sübut etmək üçün onun Allah iradəsinin, istəyinin ifadəsi olmasını sübut etməyi şərt qoyur. Bir çox islamçı baxışlara görə, İslamın başlıca özəlliyi Allahın iradəsinə total tabelikdir. Ona görə də bela düşünülür ki, İslam qanunu Allahın müsəlman toplumlarına buyuruğunun bildirisi olmalıdır. Bu, əslində, sami gələnəyindən gələn bir baxışdır: yada salaq ki, əski yəhudilər üçün din və qanun eyni idi, ona görə də tez-tez dinlərinə onlar elə qanun deyirdilər.

Şəriət və dünyəvi qanunlar

O biri yandan, Şəriət bəzi islamçı ideolojilərdə çağdaş leqal sistemi dağıtmaq üçün silaha çevrilir (tutalım, Avropa etgisi ilə formalaşmış milli qanunlar Şəriətə zidd elan olunur). Bu baxış "dünyəvi" qanunlara sayğını azaldır. Bəlkə də, bu səbəbdən azərbaycanlılar İlahi iradə ilə bağlılığı sübut edilməmiş qanunlara dövlətçiliyin tələb etdiyi sayğını göstərə bilmirlər.

Göstərdiyimiz vəziyyət Şəriət anlayışına yenidən baxmağımızı aktual edir: bəlkə, bu anlayış yavaş-yavaş dəyişdirilərək elə mənalar almışdır ki, sonda ilkin məzmundan fərqli olaraq çağdaş hüquqi düşüncə üçün belə əngəllər yaratmışdır?

Şəriətin keçmişinə səyahət

Bu tipli sualların cavabını tapmaq üçün İslamda Şəriət probleminə yaxından baxaq. "Şəriət" sözünün hərfi mənası su olan yerə aparan cığırdır (əslində, "sünnə", - peyğəmbərin dediklərindən çıxan qayda-qanunları bildirən söz, eləcə də "ədəb"in kökü, - "daab"da yol anlamını verir).

Beləliklə, öncələr "Şəriət" kəlməsində insana su kimi gərəkli olan mənzilə aparıb çıxaran yol düşünülürdü. İslam bilincində qanunla bağlı bu "yol" mənasının dərinə getməsinin sonucudur ki, Türkiyədə qanunsuzluğa, özbaşınalığa "yolsuzluq" deyilir (doğrudan da, hərə bir tərəfdən gedəndə qarmaqarışıqlıq yaranır). Şəriətin bu yol anlamı çağdaş hüquqi şüur üçün öz dəyərini saxlayır. İndiki azərbaycanlıya "qanun nəyə lazımdır" sualının cavabında "qanun yoldur, yol nəyə lazımdırsa, qanun da ona lazımdır" deyəndə o, qanun ideyası ilə daha tez təsirlənir.

Şəriətlə bağlı azdıran yollar

Ancaq Şəriətdə yol ideyasından başqa İslam yolu mənası da var. Çağdaş hüquqi şüura əngəllər qoyan, bax, bu mənadır. Hazırda İslam İslahatçılığına qarşı dirənən islamçıların dadına tez-tez çatan simvollardan biri "İslam yolu" anlamında işlədilən Şəriətdir. Bu zaman islamçı söhbətlərdə Şəriətə elə istinad edilir ki, sanki Məcəllə (Toplu) şəklində, kodifikasiya edilmiş (sistemə salınmış) şəkildə kitab cildinə filanıncı yüzildə toplanmış və o vaxtdan çoxları tərəfindən danılmaz nüfuzda qalmış Qurani-Kərim kimi Şəriət kitabı var və bu kitabda bənd-bənd İslam yolu ilə getmək üçün gərəkən bütün qanunlar aydınca, sistemli yazılıb.

Əslində isə ortada ayrı-ayrı məzhəblərin qanunlar sistemi var. Sadəcə, Şəriət ideyası, Şəriətdən soraq verən deyimlər ilkində daha çox onlara səpələnmişdi. Bizim bəzi islamçılar isə elə danışırlar ki, bu faktı, yəni ortada Şəriət adında qanun məcəlləsinin, tekstinin olmadığını bilməmiş kimi görünürlər. Bu yanlışa heç birimiz yol verməməliyik.

teleqraf.com