İnquşetiyada antiterror əməliyyatı

28 Avqust 2012 09:43 (UTC+04:00)

Şimali Qafqazda gərgin vəziyyət davam edir. Bu gün İnquşetiyanın Malqobeke rayonunda antiterrror əməliyyatı keçirilib. AzNews.az-ın pravda.ru saytına istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı 3 terrorçu qətlə yetirilib. Onlar avqustun 19-da polis əməkdaşının dəfnində törədilmiş terror aktında şübhəli bilinirmişlər.

Yerli polisin verdiyi məlumata görə, ilkin olaraq əməliyyat rayonun meşə massivində aparılıb. Yollar bağlanılıb, insanların əraziyə daxil olmasına imkan verilməyib. Daha sonra yeni terror aktlarının keçirilə biləcəyi ehtimalını nəzərə alaraq, polis rayonun mərkəzini də nəzarətə götürüb. Avtomobillər yoxlanılıb, şübhəli şəxslərin sənədlərinə baxış keçirilib.

Saqopşi kəndində isə şəxsi evə gizlənmiş terrorçu xüsusi təyinatlılar tərəfindən mühasirəyə alınıb. Terrorçu atəş açdıqdan sonra, qətlə yetirilib. Onun üzərindən kustar üsulla hazırlanmış qumbara və səs boğucusu olan tapança aşkarlanıb. Elə həmin kənddə daha iki terrorçu qətlə yetirilib. Onların "böyük" ləqəbli Artur Qataqajevin qruplaşmasına aid olduqları ehtimal edilir.
Xatırladaq ki, avqustun 19-da polis əməkdaşının dəfn mərasimində törədilmiş terror aktı zamanı 8 nəfər həyatını itirmiş, 15 nəfər isə yaralanmışdı.

Sadiq
AzNews.az