Bir həbs, iki ittiham

28 Avqust 2012 11:06 (UTC+04:00)
İranın Şərqi Azərbaycan bölgəsində zəlzələdən xəsarət alanlara yardım edən 35 nəfərlik qrupun həbsinin səbəbi açıqlanıb. AzNews.az - "İSNA" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Şərqi Azərbaycan vilayətinin məhkəmə başqanlığı qrup üzvlərinin istehlak vaxtı keçmiş məhsullar payladığına görə həbs edildiyini açıqlayıb. Qeyd edək ki, bundan əvvəlki məlumatlarda həbsin səbəbi kimi siyasi fəaliyyət göstərilmişdi. Həbs edilənlərə cinayət işi açılıb və iş üzrə istintaq aparılır.

Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl zəlzələdən ziyan çəkən insanlara könüllü yardım göstərən 35 fəal İnqilab Qvardiyası tərəfindən həbs edilmişdi. Həbsdən iki gün sonra onlar Təbriz həbsxanasının karantin bölməsinə, avqustun 27- də isə həbsxanadan naməlum yerə aparılıblar. Qrup üzvləri aclıq aksiyasına başlayıb və İran məhkəmə sisteminin başqanına açıq məktub ünvanlayaraq barələrində irəli sürülən itithamların saxta olduğunu bildiriblər.

Alpər
AzNews.az