VİP sədrindən rus deputata: “Siz xalqınızın simasını qorudunuz“

24 Mart 2014 09:05 (UTC+04:00)



Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Rusiya Dövlət Dumasının deputatı İlya Ponomaryova məktub yazıb.

Məktubda deyilir:

- Hörmətli cənab Ponomaryov! Sizə müraciət edən Azərbaycandakı sistemdənkənar müxalifət partiyalarından birinin sədridir. Azərbaycan hakimiyyətinin apardığı siyasət nəticəsində sistemə daxil olub siyasi simanı itirməmək sadəcə olaraq mümkün deyil. Bu "sadə səbəb"ə görə belə "arzuolunmaz" statusla kifayətlənir və "narahat", sərbəst düşüncədən irəli gələn mövqeyimizi daim ifadə edirik. Putin komandasını qeyzləndirəcəyi üçün Azərbaycanda Ukrayna ətrafında cərəyan edən son hadisələrin müzakirəsi "məqbul sayılmır". Ukraynada baş verən məlum hadisələrin inkişaf ssenarisinin gözlənilməzliyini nəzərə alsaq, Azərbaycanın rəsmi şəxslərinin verdikləri pauzanı başa düşmək olar.

Rusiya Federasiyası Dövlət Dumasında Krım Muxtar Respublikasının və Sevastopol şəhərinin Rusiyaya birləşdirilməsinə dair keçirilən səsvermə zamanı (443 – lehinə, 1 – əleyhinə: Krımı Rusiyaya birləşdirən müqavilə təsdiqləndi) tutduğunuz çox cəsarətli mövqeyə görə insani borc hissindən irəli gələn dərin hörmətlə Sizə təşəkkür etmək istəyirəm. "Hadisələrin coğrafiyası"ndan uzaqlaşmamaq şərti ilə Sizin bu hərəkətinizi Böyük Vətən Müharibəsi zamanı elə həmin Sevastopol və Kerçin müdafiəsi zamanı qəhrəmanlıq göstərənlərin fədakarlığı ilə müqayisə edərdim. Kütləvi psixoz və "zəhərlənmə" zamanı öz dünyagörüşünü və prinsiplərini qorumaq yalnız Vahidlərin işidir – Sizi də o sıraya aid edirəm. Tarixin gedişini dəyişmək məhz Şəxsiyyətlərə nəsib olur. Kütlələr özlərinin müxtəlif sayıqlama ambisiyaları ilə mənsub olduqları xalqları adətən fəlakətə aparırlar. Hesab edirəm ki, Siz öz prinsipiallığınızla Rusiya xalqının simasını qorudunuz və bütün dünyaya nümayiş sübut etdirdiniz ki, bəşər fəaliyyətinin fərqli təmayüllü çox sayda böyük xadimlərinin Vətəni ayaqdadır, mübarizə aparır və əlbəttə, qalib gələcək. Həmin qanun layihələrinin əleyhinə səs verməklə siz həm də bizi mümkün müdaxilədən qorumuş oldunuz.

Hörmətli İlya, başa düşürəm, "albinos" olmaq çətindir və Jirinovski kimilərlə bir tavanın altında qalmaq ağır yükdür. Putin heyvanları sevir, amma liberal-demokratların liderinə xüsusi şövqlə yanaşır. Heç kimi təhqir etmək istəmirəm, amma bu hüquqşünas oğlu mənim xalqım haqqında sayğısız fikirlər səsləndirib. Onun Sizə münasibətinin də xoş olmamasının fərqindəyəm. Qoy belə olsun. Əminəm ki, bu "Lyubyank natiqi"nin sevmədiklərini Allah sevir.

Fikrimcə, yazdığım bu məktub az da olsa, Sizin mənəvi yükünüzü azaldar – belə olsa, çox sevinərəm. Sizə bizi iki əsrlik ümumi tarixin birləşdirdiyi güclü Rusiya xalqı ilə mehriban şəraitdə yaşamaq istəyən azərbaycanlıların adından təşəkkür edirəm. Bu tarixi yaddaşlarımızdan silə bilmərik. Əlbəttə, bu münasibətlərin yaxşı və pis dönəmləri olub. Şəxsən mən – siyasətlə məşğul olan insan olaraq Rusiyaya imperiya iddialarından uzaq olan, ümumbəşəri dəyərlərə və başqalarının ləyaqətinə hörmətlə yanaşan layiqli şəxslərin rəhbərlik etmələrini istəyirəm. Yalnız ötənlərdə birgə olduğumuz dövrlərin müsbət cəhətlərini saxlayıb mənfi tərəflərini silməklə iki suveren, qardaş dövlət kimi birgə irəliləyə bilərik.

Sizə ən xoş arzularımı yetirir, biznesdə və siyasətdə uğurlar arzulayır, ən əsası, sakit ailə xoşbəxtliyi diləyirəm!

AzNews.az