Nurçuluqda ittiham olunan politoloq saytları məhkəməyə verdi

25 Mart 2014 09:53 (UTC+04:00)
Son günlər bəzi mətbu orqanlarda nurçu kimi təqdim olunan politoloq, Qafqaz Universitetinin müəllimi Fərhad Mehdiyev məhkəməyə üz tutub. AzNews.az xəbər verir ki, o, bu barədə özünün facebook səhifəsində yazıb. Politoloq bildirib ki, bundan sonra haqqında həqiqətə uyğun olmayan materiallar yayanlarla məhkəmədə görüşəcək:

"İlk addımı atdım və DİA.AZ saytını və onun təsisçisi Məhəmməd Zamanovu (Ersoy) Mətbuat Şurasına online formada şikayət etdim. Sabah, müraciəti poçt ilə də göndərəcəm. DİA.AZ və AVRASİYA.NET "qara siyahıya" salınmalıdır. Martın 27 də Yasamal Rayon Məhkəməsinə, mənə atılan böhtan və iftiraya görə bunlara qarşı iddia ərizəsi verəcəm. Fəaliyyətim qanuni olduğu üçün, qanuni yollara üstünlük verirəm. Vaxtımı və əməyimi alsa da, bundan sonra heç bir şərçi jurnalistin yalanına göz yummayacam, biraz onları məhkəmələrdə yoracam. Əleyhimə böhtan yazmaq istəyənlər bunu nəzərə alsınlar. Xəbər çıxandan sonra, onları axtarıb mövqe bildirməyəcəm. Bir daha təkrar edirəm ki, heç bir təriqətin, xarici qruplaşmanın, daxili qruplaşmanın, partiyanın üzvü deyiləm. İrəli sürdüyüm fikirlər heç bir quruma aid deyildir, konkret faktlara və müvafiq elm sahəsinin qaydalarına əsaslanır. Fəaliyyətim şəffafdır, hazırladığım ekspert rəyləri, keçdiyim dərslərin video-qeydiyyatı aparılır. Bir çox Azərbaycan vətəndaşı kimi, xalqım və dövlətim üçün yaşayır və çalışıram; yoxsa hər hansı şəxsin, ailənin, zümrənin, təriqətin, dini liderin, məzhəbin, xarici dövlətin maraqları üçün deyil. Ödənməmiş vergi borclarım və cərimələrim mövcud deyildir. Sahib olduğum hər bir əmlakın mənbəyi şəffafdır, tələb olunduqda izah oluna bilər".