Ruslar Krımda Ukrayna gəmisinə hücum ediblər

25 Mart 2014 21:19 (UTC+04:00)
Bu gün axşam saatlarında Krımın Donuzlav gölündə Rusiya hərbçiləri Ukraynanın "Çerkassı" adlı hərbi gəmisinə hücum ediblər.

Yerli vaxtla 18:50-də (Bakı vaxtı ilə 20:50-də) başlanan hücumda iki Mi-35 helikopteri və üç sürətli kater iştirak edir. Bu barədə "Çerkassı" gəmisinin baş matrosu Aleksandr Qutnik bildirir. Onun sözlərinə görə, katerlər gəmini təqib etməyə başlayıblar.

Ukrayna Müdafiə Nazirliyi isə bildirir ki, hazırda hərbi yedək gəmisi "Kovel" "Çerkassı"ya tərəf yönəldilib. "Çerkassı" Krımda üzərində Ukrayna bayrağı dalğalanan yeganə hərbi gəmidir. Donuzlav gölünü Qara dənizlə birləşdirən su kanalı ruslar tərəfindən batırılmış gəmilərin vasitəsi ilə bağlandığından "Çerkassı" adanı tərk edə bilmir.(ANS)