Ərdoğan əleyhdarlarını fakt qarşısında qoydu - VİDEO

25 Mart 2014 22:37 (UTC+04:00)


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan nüfuzunu itirməsi ilə bağlı səslənən fikirlərə İstanbul mitinqi ilə cavab verdi. Etiraf edək ki, bu hər bir siyasət adamının arzuladığı mitinq idi və bəzi iddialara görə, bu mitinqə azı 2 milyona yaxın insan qatılmışdı. Bu faktın özü Ərdoğan 30 mart seçkilərində qələbə qazana bilməyəcək deyənləri fakt qarşısında qoyub. İndi ehtimallar daha çox ondan xəbər verir ki, 30 mart seçkilərinin qalibi artıq müəyyənləşib. Bu da Ərdoğandır.

Bəs Ərdoğan kimdir və onun xalqı qarşısında xidmətləri və türklərin öz təbirincə desək zayıfları nədən ibarətdir? 2001-ci ildə Ədalət və İnkişaf Partiyasını quran Ərdoğan 2002-ci il seçkilərində təkbaşına hakimiyyətə gəldi. Onun 59-cu hökümətin başına keçməsi Türkiyədə davam edən iqtisadi böhranı dayandırdı, kəskin inflyasiyanın qarşısı alındı. Eyni zamanda siyasi sahədə də Türkiyə daha aydın bir siyasi xəttə keçdi. Amerikanın İraqa müdaxiləsi, İsrail - Fələstin münaqişəsində onun rolu və ölkəsini bacardıqca bu məsələlərdən kənarda tuta bilməsini hamı yaxşı xatırlayır. Elə Azərbaycanla bağlı mövqeyini də. Türkiyənin Ermənistanla əlaqələr qurmasını tələb edən bəzi qüvvələrə qarşı Ərdoğan hökümətinin Dağlıq Qarabağın işğaldan azad olunmasını şərt kimi qarşıya qoymasını xatırlatmaq yerinə düşər. Elə sonuncu mitinqində Azərbaycanla bağlı açıqlamasını da.

Amma bununla belə o, həm də mübahisəli siyasət adamı kimi yaddaşlardadır. Onu belə tanıdan təkcə ritorikası deyil. Ərdoğanın verdiyi mübahisəli qərarlar onu məhz belə tanıdıb. Baxın. Hökümət başına keçən kimi Türkiyədə böyük səs-küyə səbəb olan "Balyoz" və "Ergenekon" əməliyyatlarını həyata keçirdi. İlkər Başbuğ da daxil olmaqla türk ordusunun onlarla generalını həbs etdirdi. Maraqlıdır ki, İlkər Başbuğun azad olunanda ona zəng edərək "keçmiş olsun" deyən Ərdoğan oldu. Və yaxud, dünən o Fətullah Gülənlə dost, qardaş idi, bu gün isə bu münasibətlər bəzən gülməli, bəzən tragikomik, bəzən daha ciddi xarakter alır. Dərshanələrin bağlanması istiqamətində atdığı addım, təhlükəsizlik xidmətlərində, ədliyyə sistemində kök atmış minlərlə fətullahçını təmizləməsi və onları dövlətə paralel sistem adlandırmasını da bəzi ekspertlər Ərdoğanını fətullahçılar üzərinə qarşıdakı seçkilərə hesablanmış hücumu kimi dəyərləndirirlər. Hər halda 4 gündən sonra bizi maraqlı oyun gözləyir. Bu yerdə zəruri xatırlatma. Ərdoğan düz 16 il "Erokspor"da futbol oynayıb.

İndi görək başbakan qapısını mümkün qoldan necə qoruyacaq?




AzNews.az