Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: Həlli variantları

26 Mart 2014 09:59 (UTC+04:00)
ELMAN NƏSİROV
SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR



ATƏT-in Minsk qrupu 22 illik nəticəsi olmayan fəaliyyətinə pozitiv "siyasi don" geyindirmək məqsədilə yenidən həm prezidentlər, həm də xarici işlər nazirləri səviyyəsində Haaqada görüşlər təşkil etmək niyyətindədir. Nəticə olacaqmı? Müsbət cavab vermək xeyli çətindir. Ermənistan hər vəchlə mövcud status-kvo vəziyyətini qoruyub saxlamaqda maraqlıdır. Azərbaycan üçün üsə bu variant qəbuledilməzdir. Həmsədrlər də eyni fikirdədirlər. Lakin fikirləri ilə əməlləri arasında qəribə bir harmoniyasızlıq hökm sürməkdədir. Münaqişənin mövcud vəziyyətinin bu reallıqları fonunda onun perspektiv həlli imkanları haqqında hansı mülahizə, variant və ya proqnozlar irəli sürmək mümkündür?

Zənnimizcə, münaqişənin həllinin 3 variantı vardır. Birinci 2 variant dinc, sonuncu variant isə hərbi həll imkanlarını özündə ehtiva edir.

I variant- Ermənistanda S.Sarkisyan rejimi öz işğalçılıq siyasəti nəticəsində üzləşdiyi total və permanent böhran vəziyyətindən çıxmaq üçün siyasi iradə nümayiş etdirərək Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində konkret konstruktiv adımlar ata bilər. Nəticədə danışıqlar prosesində keyfiyyətcə yeni mərhələnin əsası qoyular və qarşılıqlı kompromislər əsasında münaqişənin həlli prosesi həyata keçirilər. Başqa sözlə, Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək idarəetmə statusu verilə bilər.S.Sarkisyan hökuməti konfliktin həlli naminə siyasi iradə nümayiş etdirmək iqtidarında deyildir, çünki bu rejimin müvafiq addımları atmaq üçün ciddi sosial bazası yoxdur.

Azərbaycan Prezidenti İlham Əliyevin martın 19-da Bakıda Novruz bayramı münasibətilə ümumxalq şənliyində çıxışında qeyd etdiyi kimi, "Ermənistan faşist dövlətdir. Onların milli ideologiyası faşizmdir, ayrı-seçkilikdir, millətçilikdir. Bu ideologiyanın qurbanları məhz erməni xalqıdır ki, öz müstəqil inkişafından məhrumdur. Müstəqillik böyük bir şans, böyük bir nemət, sərvət idi. Azərbaycan bu gün bu imkanlardan tam şəkildə istifadə etmişdir. Ermənistan haqqında isə müstəqil dövlət sözünü ifadə etmək çox çətindir. Çünki nə müstəqil siyasəti, nə müstəqil iqtisadiyyatı vardır." Sitatın sonu.

Deməli, xalqı səfalət, işsizlik və aclıq həddində yaşayan dövlətin iqtidarının bu vəziyyətdə totalitar-terrorçu idarə metodlarına üstünlük verməsi siyasətinin motivlərini başa düşmək olar. Bu siyasətin əsasında ölkədaxili ictimai fikri öz üzücü gündəlik problemlərindən yayındırmaq və onu kənar istiqamətlərə yönəltmək təşkil edir. Belə hallarda cəbhə bölgəsində atəşkəs rejimini kobud şəkildə pozmaqla Azərbaycan tərəfini daha ciddi adekvat addımlar atmağa təhrik etmək və nəticədə ölkədaxili deyil, ölkəxarici problemlərin prioritetliyini qabartmaq hakimiyyətin mövcudluğunu qoruyub saxlamağın Ermənistanda dəfələrlə sınaqdan çıxarılmış üsuludur.

II variant- Ermənistan dövləti beynəlxalq birlik, xüsusilə də ATƏT-in Minsk qrupu tərəfindən sülhə məcbur edilə bilər. Regionda sülh və sabitlik naminə, xüsusilə də daşıyıcısı olduqları milli maraqlardan çıxış edərək həmsədrlər-ABŞ, Rusiya və Fransa S.Sarkisyan rejiminə müəllifi olduqları yeniləşmiş Madrid prinsiplərini qəbul etdirə bilərlər. Xüsusilə bu istiqamətdə Rusiyanın imkan və potensialı daha böyükdür. Hələ ki, bu baş vermir. Bu, heç də o demək deyildir ki, həmin güclər Ermənistanın müqavimət potensialını qıra bilmirlər. Əsla yox. Sadəcə bu və ya digər səbəblərdən bunu etmirlər. Başqa sözlə, bunu etməli olan dövlətlər üçün hələ ki, Dağlıq Qarabağ probleminin həlli beynəlxalq gündəliyin prioritet məsələsinə çevrilməmişdir.

III variant-birinci və ikinci variantlar heç bir halda nəticə verməyəcəyi təqdirdə müharibə variantı qaçılmaz ola bilər. BMT TŞ-nın münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnaməsi (822, 853, 874, 884-1993-cü ildə qəbul olunmuşdur), təşkilatın nizamnaməsinin özünümüdafiə hüququ ilə bağlı 51-ci maddəsi, qurumun qəbul etdiyi qərarlarının yerinə yetirilməsinin icbari xarakter daşıması haqqında 25-ci maddəsi, habelə AŞPA, İKT və Avropa Parlamentinin Ermənistanı işğalçı dövlət elan etməsi kimi məlum hüquqi arqumentlər Azərbaycana öz ərazi bütövlüyünü təmin etməsi məqsədilə istənilən təsir mexanizmlərini, o cümlədən hərbi tənzimləmə variantını işə salmaq səlahiyyəti verir.

Bu baxımdan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun İstanbulda Türkiyənin "TRT 1" televiziyasına müsahibəsində qeyd etdiyi bir fikrə xüsusi olaraq diqqəti cəlb etmək yerinə düşər: "Azərbaycan münaqişənin həllinin sülh - danışıqlar yolu ilə davam etdirilməsinin tərəfdarıdır. Azərbaycan Prezidenti Cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı beynəlxalq hüququn tələblərini yerinə yetirməyəcəksə, o zaman biz Dağlıq Qarabağ probleminin həllində digər yolları arayacağıq."

Zənnimizcə, Azərbaycanın Ermənistandan bir neçə dəfə deyil, bir neçə on dəfələrlə ölçülən hərbi üstünlüyü fonunda torpaqlarımızın təkcə güc yolu ilə deyil, eləcə də I və II variantda qeyd etdiyimiz dinc tənzimləmə üsulu ilə azad olunması imkanı son dərəcədə arta bilər. Başqa sözlə, Azərbaycanın ifrat iqtisadi-hərbi potensialı qarşısında ya S.Sarkisyan rejimi vahimələnib münaqişənin həlli naminə siyasi iradə nümayiş etdirər, ya da regionda müharibənin yenidən alovlanmasını heç bir halda istəməyən, lakin bunun son dərəcə labüd olduğunun fərqinə varan beynəlxalq güclər Ermənistanı anoloji addım atmağa məcbur edər.

strategiya.az