Azərbaycanda aktyorlar üsyana hazırlaşır

26 Mart 2014 21:50 (UTC+04:00)
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorları üsyana hazırlaşır. Bu barədə məlumatı AzNews.az -a teatrın adlarının çəkilməsini istəməyən aktyorları veriblər.

Onların sözlərinə görə, teatrının direktoru İsrafil İsrafilovun idarəçilik sistemi, islahat adı ilə gördüyü işlər kollektivi həvəsdən salıb və hövsələdən çıxarıb: "Bu adamın əməlləri ilə bağlı müvafiq qurumlara dəfələrlə müraciət etmişik, mətbuatda da tənqidlər səslənib, amma heç bir irəliləyiş yoxdu. Buna görə məcburuq ki, kollektiv şəkildə aksiya keçirək, bəlkə bundan sonra bizim halımıza yanan tapıla, dərdimizi dinləyən ola".

Narazı aktyorlar deyir ki, İsrafil İsrafilovun direktor təyinatından sonra teatrda ciddi problemlər yaranmağa başlayıb: "Buraya rəhbər vəzifəsinə gəldikdən bu günədək teatrda apardığı islahatlar işimizi irəliyə aparmaq əvəzinə daha da geriyə çəkir. Bundan başqa islahatlar nəticəsində də bəzi aktyorlar işdən kənarlaşdırılır. Bunun üçün yaxın günlərdə bir yerə toplanaraq İ.İsrafilovun Teatrda rəhbər kimi istefasını tələb edəcəyik".

Bahar
AzNews.az