Siyavuş Novruzov: “Müsavat qurultay yox, şou keçirmək istəyir”

27 Mart 2014 11:41 (UTC+04:00)


"Müsavat partiyası əslində, yer istəmir, qurultaydan şou düzəltmək istəyir. Bir vaxtlar onlar bu şou əsnasında öz qurultaylarını Gürcüstan Türkiyə və bir sıra yerlərdə keçirtmək istəyirdilər".

Bu sözləri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, Müsavat partiyasının onlara yer verilməməsi ilə bağlı çağırışları əsassızdır: "Hər-hansı bir siyasi qurum toplantı keçirməkdən ötrü BŞHİ-yə müraciət edirsə, onlara müvafiq yer ayrılır. Bu yerlərin onları qane edib-etməməsi isə siyasi partiyaların öz işidir. Müsavata da yəqin ki, yer ayrılıb. Sadəcə onlar bəhanə axtarırlar.

Çünki, hazırda şəxsi mülkiyyəti də ayrı-ayrı partiyalar özləri üçün icarəyə götürür. Ona görə də İcra Hakimiyyətinin Müsavat partiyasına ayırdığı yer onları təmin etmirsə, o zaman ayrı-ayrı mülkiyyətçilərlə müqavilə bağlayıb, öz toplantılarını orada keçirə bilərlər. YAP da öz qurultayını müqavilə əsasında müəyyən vəsait ödəməklə keçirdi. Mənim məlumatıma görə, İcra Hakimiyyəti hər zaman Müsavat Partiyasına öz tədbirlərin keçirilməsi üçün bir neçə yer təklif edib. Amma partiya sözü gedən yerlərdə toplantısını keçirtmək istəmir".

YAP funksioneri əlavə edib ki, İcra Hakimiyyəti Müsavat partiyasını tədbir keçirmələri üçün yenə də müvafiq yerlərlə təmin edəcək: "Ona görə də Musavat partiyasının məhkəmə iddiası qeyri-qanunidir və heç bir hüquqi əsası yoxdur".

Qeyd edək ki, Müsavat partiyası may ayının 24-də növbəti qurultayını keçirmək üçün BŞİH-yə rəsmi müraciət edib. Müraciətdən 1 ay keçməsinə baxmayaraq, İcra Hakimiyyəti partiyaya cavab verməyib. Partiya bununla bağlı məhkəməyə müraciət etmək niyyətindədir.

Amid
AzNews.az