Temperatur yüksələcək- 31 martdan sonra

28 Mart 2014 10:42 (UTC+04:00)
Azərbaycanda qısa müddət davam edəcək anomal soyuq hava şəraitindən sonra martın 31-dən yenidən temperatur tədricən yüksəlməyə başlayacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bildirib ki, martın 31-dən hava şəraiti mülayimləşəcək, temperatur tədricən yüksələcək və iqlim normasına yaxınlaşacaq.

U.Tağıyeva deyib ki, bu proses çox qısa - 1 gün davam edəcək. Ancaq bu müddətdə hava şəraiti çox kəskin dəyişəcək. Martın 30-da axşam artıq küləyin səngiyəcəyi gözlənilir.

Martın 30-da Bakı və Abşeron yarımadasında gecə və gündüz saatlarında temperaturun anomal gedişi gözlənilir, yəni eyni temperatur müşahidə ediləcək. Həmin gün gecə, gündüz və axşam 1-4 dərəcə isti olacaq.

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsinin səbəbi soyuq siklonun Skandinaviya üzərindən Qara dəniz rayonlarına doğru hərəkət etməsidir. Bu siklonlar buradan Cənubi Qafqaza doğru yönələcək. Bununla əlaqədar ölkə ərazisində havanın temperaturu kəskin enəcək, şimal küləyi güclənəcək. Martın 29-dan 30-na keçən gecə və səhər saatlarında Abşeron yarımadasında külək şiddətlənəcək. Temperaturun belə gedişatı martda qeydə alınır. Martda belə anomaliyalar demək olar ki, hər il qeydə alınır.
Qeyd edək ki, martın 29-da cənub küləyinin güclənəcəyi, temperatur rejiminin isə nisbətən yüksələcəyi ehtimal olunur. Martın 29-dan 30-na keçən gecədən şimal-qərb küləyinin güclənəcəyi, bəzi ərazilərdə şiddətlənəcəyi və temperaturun kəskin, 10-14 dərəcə aşağı enəcəyi gözlənilir.

Martın 29-da axşam respublikanın bəzi şimal və qərb rayonlarında, 30-da isə əksər rayonlarda hava şəraitinin yağıntılı keçəcəyi, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimal olunur.

AzNews.az