“Qarabağdakı əksər ermənilər barışıq istəyir” – Zahid Orucun təklifinə təpki

29 Mart 2014 11:27 (UTC+04:00)
"Ermənistan hərbi birləşmələri Dağlıq Qarabağı və işğal edilmiş rayonlarımızı tərk etməyənə qədər həmin bölgədə yaşayan heç bir erməni Azərbaycan pasportunu daşıya bilməz".

Bunu AzNews.az-a açıqlmasında Milli Məclisin deputatı Flora Qasımova həmkarı Zahid Orucun "Dağlıq Qarabağda yaşayan ermənilərə Azərbaycan vətəndaşlığının verilməsinə məsələsinə yenidən baxılmalıdır" təklifinə münasibət bildirərkən deyib. Xankəndi seçki dairəsindən seçilən deputat, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Orucun bu təklifinin hazırkı məqamda reallaşmasının mümkün olmayacağını söyləyib. F. Qasımova bildirib ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycan ərazilərində işğalda saxladığı sürəcdə bu məsələyə baxmaq qeyri mümkündür: "Münqişənin həlli ilə bağlı aparılan danışıqlarda, Azərbaycanın ilk şərti işğalçı ölkənin silahlı qüvvələrinin bizim ərazilərdən çıxarılmasıdır. Bu baş verdikdən sonra digər problemlərlə yanaşı, vətəndaşlıq məsələsinin həllinə də baxmaq mümükündür".

Deputat indiki şəraitdə bu məsələnin qaldırılmasının yersiz olduğunu da deyib: "İşğalçı ölkənin silahlı qüvvələri hər gün cəbhə boyu ərazilərdə mülki vətəndaşları gülləbaran edir, dinc sakinləri öldürürlər. Belə olan halda, hansı vətəndaşlıqdan söhbət gedə bilər?". F. Qasımova Dağlıq Qarabağın erməni icmasının böyük əksəriyyətinin barışıq tərəfdarı olduğunu da söyləyib: "Digər tərəfdən mən bilirəm ki, Dağlıq Qarabağda yaşayan əksər ermənilər barışıq istəyir və onlar münqişədən yorulublar. Amma Xankəndidə yaşayan hansısa erməninin Azərbaycan vətəndaşı olmaq istəyinə dair ərizə yazacağına inanmaq çətindir. Sadəcə, bu mümkün deyil. Yəni bu prosesin reallaşdırılması indiki vəziyyətdə qeyri-mümükündür".

Amid
AzNews.az