Ramil Səfərovun atası: “İçimizdəki ermənilər işin gedişatına zərbə vurur”

28 Avqust 2012 20:10 (UTC+04:00)
3 gün əvvəl Azərbaycan milli ordusunun zabiti, xalqımızın cəsur oğlu Ramil Səfərovun doğum günü qeyd olundu. AzNews.az-ın əməkdaşı onun ailəsinə baş çəkib və atası Sahib Səfərovla söhbət edib.

- Müsahibəyə çox çətinliklə razılıq verdiniz. Niyə mətbuatdan uzaq durmağa çalışırsız, nədir sizi narahat edən?

- Hə, çalışırıq ki, bu günlərdə mətbuatdan uzaq olaq, heç kimə müsahibə vermirəm. İstəyirik ki, onun işinə mənfi təsir edəcək heç bir şey olmasın. O yazanlara elə gəlir ki, məsələni qarışdırmırlar. Ancaq məsələni qarışdıranlar elə bizim içimizdəki ermənilərdir, adını azərbaycanlı qoyan ermənilər... Müəyyən təşkilatlar, qurumlar var, "çekis" kimi məlumatları toplayıb ötürürlər Ermənistana. Onlar da macarlara...Tək Ermənistan deyil ki, Yunanıstan, Fransa, Belçika, Almaniyada, Amerikada olanlar da var, macarlara təzyiq göstərirlər. Macarıstanın özünə qalsa, Ramil çoxdan vətənə qayıdıb, cəzasını burda çəkərdi.

- Hər il Ramilin doğum gününün hansı tarixdə olması mübahisələrə səbəb olur. Bu il də sosial şəbəkələrdə müzakirə olundu. Bəs əslində, avqustun neçəsidi doğum günü, 25-i, yoxsa 26-sı?

- Doğum günü 25-dir. Sağ olsunlar Ramilin ad günü ilə bağlı hər yerdən gəlmişdilər bizə. Kimin ki, ürəyində istək var, gəlib bizimlə bölüşür. Ancaq elələri var ki, qaş düzəltmək yerinə vurub gözü çıxarırlar. Bir xoş söz deyəndə də böyüdüb elə material hazırlayırlar ki, ermənilər də bundan istifadə edir. Ermənilər bizim kimi deyil, Ramil onların ciddi diqqət mərkəzindədir. Müəyyən komissiyaları da var ki, həmişə bu məsələni nəzarətdə saxlayır.

- Ramillə axırıncı dəfə nə vaxt danışmısız, necədir?

- Hər həftə zəng eləyir, danışırıq. Öz vəziyyəti haqqında, bizim barədə... Biz Ramilə ürək-dirək verməkdənsə, o bizə verir. Deyir, darıxmayın, hər şey yaxşı olacaq...

- Ramillə danışanda əsasən nədən darıxdığını deyir, nə isə bir şey arzulayır, istəyirmi sizdən?

-Ramil, ümumiyyətlə, heç vaxt düşdüyü çətinlikdən danışıb, durumundan nə isə bir narazılıq edib adamı narahat edən insan deyil. Ya yerim pisdi, acam, susuzam, nəyimsə çatışmır deyib şikayət eləməz. Deyir hər şey qaydasındadır. Sağ olsunlar heç bir narahatlıq yaratmırlar onunçün, həbsxanada hamıya necə, ona da elə baxırlar, şəraiti yaxşıdı. Bildiyiniz kimi məşhur macar yazıçılarının tərcümə etdiyi iki kitabı nəşr olunub. Artıq 3-cü kitabı da tərcümə edib bitirib. Belə da... Boş vaxtlarında məşğul olur. Orda idmanla məşğul olur, gəzintiyə aparırlar. Sağlamlıq vəziyyəti yerindədi.

- Bəs macar dilindən tərcümə etdiyi kitablardan sonra onların Ramilə qarşı münasibətində müsbətə doğru bir dəyişiklik olubmu? Çünki bir millətin dilini öyrənib, onların kitabların tərcümə etmək o xalqa qarşı sevgini ifadə edir...

- Macarlar özləri hər şeyi yaxşı başa düşür. Bilirlər ki, Ramil hər hansı bir cinayətkar deyil. Ramilə qarşı elə bir pis münasibətləri yoxdur, normal davranırlar. Onlar üçün də sevindiricidir ki, tək kamerada yatasan, heç kimlə ünsiyyətdə olmayasan, amma macar dilindən birbaşa orijinaldan Azərbaycan dilinə kitab tərcümə edəsən. Ramil işgüzar bir insandı, gələcəyi ilə bağlı planları vardı. Hadisələr belə gətirdi...

- Bəs necə oldu ki, Ramil hərbiçi oldu? Bir az Ramili dəmir barmaqlıqlar arasına aparan yoldan danışaq...

- Müharibə olmasaydı, bizim torpaqlarımız belə işğal olmasaydı, Ramil heç hərbiçi olmazdı. Gələcəyimizin, zəmanəmizin ən yaxşı həkimlərindən, hüquqşünaslarından biri ola bilərdi. Ancaq şərait elə gətirdi ki, o hadisələri gözü ilə gördü. Bir növ hərbiçi, Azərbaycan zabiti olmaq üçün tələsirdi. Orta məktəbi qurtarıb da gedə bilərdi, amma düşündü ki, onda gec olacaq. 9-cu sinfi qurtarıb, "Naxçivanskiyə" daxil oldu. Burda da əla qiymətlərlə oxuduğuna görə 1 ildən sonra onu Türkiyəyə göndərdilər. Türkiyədə iki hərbi məktəb qurtardı. Qayıdandan sonra Nazirliyin sərəncamı ilə onu Gədəbəydə hərbi hissəyə göndərdilər.

- Bəs Ramilin həbsindən sonra onun hərbiçi olmasından təəssüf hissi keçirmisinizmi heç?

- Çox adam deyir ki, niyə qoydun Ramili hərbiçi olmağa? Yaxşı, mən uşağımı qoymayım hərbiçi olsun, sən qoyma, o qoymasın, bəs kim olsun?

-Ata kimi hissləriniz nə deyir, Ramil bəraət qazana biləcək?

- Hələ nə bəraət? Bizim istəyimiz odur ki, hələ birinci pillə həll olunsun, cəzasının yerdə qalan hissəsini vətənində çəksin. Ona çalışırıq, hələ bəraət haqqında fikirləşmirik.

- Müsahibələrinizdə demisiz ki, Ramil istəmir ki, siz gedib onu görəsiz... Nə əcəb onun dediyilə razılaşa bilirsiz?

- Özü də deyir ki, bir dəfə gələcəksiz, sonra gözüm yolda qalacaq, özünüz də darıxacaqsız. O necə desə, biz elə edirik. Ramil çox uzaqgörəndir. Özüm də çox təkid elədim ki, gedim, amma qoymadı. Müharibə veteranı, II qrup əliləm mən, istəmədi əziyyət çəkəm.

- Bəs Azərbaycandan kimlər daha çox gedir Ramilin yanına, sizə xəbərə gətirirlər?

Sağ olsunlar, deputatlarımız, başqa iş adamları, kursantlar, orda təhsil alan uşaqlar gedib görürlər onu. Darıxmağa qoymurlar Ramili. Özümüz də rahat danışa bilirik tez-tez. Qardaşlarıyla danışır. Hər dəfə 20 dəqiqə vaxt verilir danışmaq üçün, biz də bölüşdürüb danışırıq. O da bununla təskinlik tapır, həm burdan məlumatlar alır. Özü də orda mətbuatla mütəmadi maraqlanır, hər şeydən xəbərdardır. Radiosu, televizoru var yanında, hər bir şəraiti var. Əsas çətinliyi odur ki, vətəndən uzaqdı, təkdi...

- Anasının necə, Ramilə hər hansı vəsiyəti olubmu?

- Anası Ramilin dərdinə dözə bilmədi, öldü... Yemirdi, içmirdi. Ağladı-sızladı. Dərd-sər öldürdü onu. Tale belə gətirdi, nə bilim... Amma heç bir vəsiyyəti olmayıb Ramilə, ümumiyyətlə, heç nə vəsiyyət eləməyib ölən zaman.
Mətbuatda yalandan ola bilər nə isə yazsınlar.

Sevinc Fədai
AzNews.az