Qəzənfər Paşayev: “Ayaz Vəfalı heç nəyə güzəşt etmədi”

29 Mart 2014 13:00 (UTC+04:00)

"Əslində Ayaz Vəfalı istefa ərizəsini iki il bundan əvvəl yazmışdı".

Bunu AzNews.az-a professor Qəzənfər Paşayev bildirib. Onun sözlərinə görə, Yazıçılar Birliyinin sədri Anar Rzayev onun ərizəsini həmin vaxtı qəbul etməyib: "Ayaz Vəfalı iki il bundan əvvəl "Ədəbiyat qəzeti"ndən ayrılmaq üçün istefa ərizəsi yazıb. Amma Anar müəllim həmin vaxtı o ərizəni qəbul etmədi. Dedi ki, "Ayaz, bəlkə qurultaya kimi səbr edəsən".

Ayaz müəllim də böyüyünün sözünü eşitdi və iki il dözdü. İndi qurultaya hazırlıq gedir. O, da artıq istefa ərizəsini yazdı. Sağ olsun Anar müəllim ki, onun istefa ərizəsini müsbət qarşıladı. Ayaz öz ərizəsi ilə işdən getdi... İki gündən sonra Ayaz Vəfalının 77 yaşı tamam olur. O, ömrünü ədəbiyyata həsr elədi. Amma indi meydan gənclərə verilib, bir yaş dövrü var. Ayaz vicdanla işlədi. Yas dövrü çatanda gərək yerini gənclərə verəsən. Mən çox sevindim ki, onun yerinə ədəbiyyatı təmsil edən biri gəldi. Ayaz Vəfalı ədəbiyyat sahəsində heç nəyə güzəşt etməyən bir adam idi. Ona görə də onu istəmirdilər. Hətta mənə deyirdilər ki, siz Ayaz müəllimlə necə dostluq edirsiniz, halbuki başqa-başqa adamlarsınız? Ədəbiyyatın 50 ilini o görüb. Söz adamları da sözdən söz çıxarırlar. Burada baş çıxarmaq asan iş deyil".

Q.Paşayev son vaxtlar "Ədəbiyyat qəzetində" ədəbi proseslərdən kənarda qaldığını, zəiflik nəşr olunduğunu da diqqətə çatdırdı: "Son vaxtlar qəzetdə bir az zəiflik yaranmışdı. Mən onu hiss edirdim, amma bununla belə bütün yazılarımı "Ədəbiyyat qəzeti"ndə verirdim. Biz Ayaz müəllimə deyil, ədəbiyyata xidmət edirik. İndi eşidirəm ki, kimsə çıxıb "Ədəbiyyat qəzeti"ni "divar qəzeti" adlandırır. İnd başa düşmürəm. Əgər bu doğrudan da belədirsə onda Yazıçılar Birliyi hara baxırdı? Nə oldu, hər dəfə Fikrət Qocanın, Anar müəllimin orada yazıları dərc olunurdu".

Bahar Rüstəmli
AzNews.az