Rövnəq Abdullayevin qurduğu informasiya agentliyi ilə bağlı ŞOK faktlar

30 Mart 2014 11:39 (UTC+04:00)
Dünən SOCAR-ın report.az adlı informasiya agentliyinin yaratması ilə bağlı məlumat vermişdik.

Yaxın vaxtlarda fəaliyyətə başlayacaq agentliklə bağlı bu gün "Qafqazinfo"ya ilginc məlumatlar daxil olub. Diqqətinizə çatdıracağımız bu məlumatlar bir daha göstərir ki, yeni agentliyi yaratmaqla SOCAR böyük media imperiyasını qurmaqda iddialıdır.

Dünənki xəbərdə artıq məlumat verilmişdi ki, bu saytın əsas sponsoru SOCAR-ın məhsullarının xaricə satışını təşkil edən SOCAR Traiding SA şirkətinin rəhbəri Anar Əliyevdir.

Maraqlıdır ki, SOCAR öz yeni layihəsini artıq Azərbaycanın informasiya məkanında yer tutmuş və ictimai rəyə ciddi təsir göstərən bir neçə aparıcı informasiya agentliyinin kadr potensialı hesabına reallaşdırmağı hədəf götürüb. Bu isə həmin agentliklərin çökdürülməsi anlamına gəlir. O da bəllidir ki, bu agentliklər güclü hakimiyyət qruplarının himayəsindədir və SOCAR-ın bu həmləsi heç də nəticəsiz ötüşməyəcək.

Yuxarıda qeyd etdiyimiz yeni məlumatlara gəlincə isə report.az adlı informasiya agentliyinin Baş redaktorunun Anar Əsgərovun olduğu məlum olub. O, Parfümeriya şirkətində piar meneceri işləyib. Məmməd Ələkbərovun da yaxın qohumudur.

Qeydiyyatdan keçən agentlik fəaliyyətə başlamasa da, artıq ofis problemi də həll olunub. Belə ki, rəhbərlik "Xətai" metorusunun yanındakı iş mərkəzində ofis kirayələyib, eyni zamanda bir neçə maşın alıb.

Agentliyin əməkhaqqı siyahısı da Azərbaycan mediasında görünməmiş rəqəmləri əks etdirir. Müxbirə 1500 manat, xüsusi müxbirə 2500 manat, redaktora 3000 manat, şöbə müdirinə isə 4-5 min manat vəd edilir.

İş görüşməsinə gedən jurnalistlərə agentlikdən bildiriblər ki, onların pul problemi yoxdur, 50 nəfər jurnalist və redaktor toplayacaqlar və işçilərin qarşısına heç bir məqsəd qoyulmayıb. Sadəcə, indi çalışdıqları agentliklərdəki maaşları soruşulur və ondan ən pis halda 2 dəfə artıq maaş təklif edilir.

Agentliklə bağlı ən maraqlı məqam isə 2 il müddətində sayta reklam yerləşdirmək fikirlərinin olmamasıdır. Bu isə bir daha sözügedən agentliyin maddi bazasının çox möhkəm olduğunu göstərir.

Plan isə belədir: İlkin mərhələdə rusdilli jurnalistlər, ikinci mərhələdə isə Azərbaycandilli jurnalistləri toplanılacaq.

Redaksiyamıza sözügedən agentliyə cəlb olunan jurnalistlərin siyahısı ilə bağlı da məlumatlar daxil olub.

Bir məqamı da xatırladaq ki, Rövnəq Abdullayevin Azərbaycanda oliqarxlar məmurlar kimi nəzarətində media saxlaması ilk baxışdan başa düşülən olsa da, bunun hansı zərurətdən yarandığı və nəyi hədəflədiyini yəqin ki, yaxın vaxtlarda, sayt fəaliyyətə başlayanda görmək mümkün olacaq. Ancaq o sirr deyil ki, SOCAR-ın tabelyinə bir müddət əvvəl də televiziy verilmişdi. Həmin müddətdə bir vaxt keçsə də şirkətin aldığı "ATV İnternational"ın necə fəaliyyət göstərdiyi və nəyə xidmət etdiyi heç kimə bəlli deyil.

AzNews.az