Ərdoğanın evinin qarşısında - Qələbə mitinqi

30 Mart 2014 22:04 (UTC+04:00)
Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası (AKP) tərəfdarları Baş nazir Rəcəb Tayyib Ərdoğanın İstanbuldakı iqamətgahının qarşısında qələbə mitinqi keçiriblər.

Trend-in Türkiyənin ATV telekanalına istinadən verdiyi məlumata görə,
İstanbulda Ərdoğanın iqamətgahının qarşısında dəstək mitinqi keçirilib. Ərdoğan vətəndaşların qarşısına çıxaraq onları salamlayıb.
Türkiyənin Baş naziri bundan sonra Ankaraya yollanıb. Artıq Ankarada da AKP-çilərin qələbə mitinqi keçirilir.
Trend-in TRT-yə istinadən verdiyi məlumatına görə, səslərin artıq 14,6 fazi hesablanıb. 48,3 faiz səs ilə Ədalət və İnkişaf Partiyası irəlidədir, onun ardınca 29,1 faiz səslə Cümhuriyyət Xalq Partiyası qərarlaşıb. MHP 12,6 faiz səslə üçüncüdür.
İlkin nəticələrinə görə, İstanbulda AKP, Ankarada AKP, İzmirdə CHP, Adanada MHP, Antalyada AKP, Diyarbəkirdə BDP, Qarsda MHP namizədləri öndədir.
Qeyd edək ki, bu gün Türkiyədə bələdiyyə seçkilərinə start verilib. Türkiyədə qeydiyyatdan keçmiş seçicilərin sayı 52 695 831 nəfərdir. Onlardan 26 704 757 nəfəri qadın, 25 991 75 nəfəri isə kişidir. Ölkə üzrə 194 310 seçki qutusu quraşdırılıb. Yerli bələdiyyə orqanları seçkilərində 26 siyasi partiya iştirak edib.
Səsvermənin nəticələri üzrə bələdiyyə başçıları, bələdiyyə şuralarının üzvləri, həmçinin kənd, şəhər rayonları və məhəllələrin muxtarları müəyyən olunacaq.
Bələdiyyə seçkilərində 26 siyasi partiyanın iştirak etməsinə baxmayaraq, əsas mübarizənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Cümhuriyyət Xalq Partiyasının (CHP) nümayəndələri arasında gedəcəyi gözlənilir.


AzNews.az