Təbii şirədən heroin çıxdı

31 Mart 2014 10:26 (UTC+04:00)
Bakıdakı 2 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum İltimas Mürvət oğlu Quliyevə vətəndaş Xəlil Fərhad oğlu Adıgözəlovun gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı 2 (iki) ədəd "Natura" markalı karton qablı təbii şirənin içərisində gizlədilmiş, hər birində 1 (bir) ədəd kağıza bükülərək skoçla izolyasiya olunmuş, xalis çəkisi 12,782 qram olan narkotik maddə - "Heroin" aşkar edilərək götürülüb.

Qeyd edək ki, məhkum İltimas Quliyev Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma; külli miqdarda törədildikdə) maddəsinə əsasən azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

AzNews.az