“Ərdoğan seçkidə açıq şəkildə uğur qazandı” - Politoloq

31 Mart 2014 14:50 (UTC+04:00)
"Rəcəb Tayyib Ərdoğanın partiyasının qalib gəlmək şansı daha çox idi. Kəskin mübarizəyə baxmayaraq, seçkinin nəticəsi də bunu göstərdi". Bunu AzNews.az-a açıqlamasında politoloq Zəfər Quliyev deyib. O vurğulayıb ki, seçkilər Türkiyədə AKP-nin potensialının nə qədər yüksək olduğunu da nümayiş etdirib: "Burada ən əsas odur ki, seçki normal, demokratik şəraitdə keçdi və sona qədər ciddi mübarizə getdi".

Politoloq bildirib ki, Türkiyə demokratik seçki keçirmək mədəniyyətinə tam nail olub: "Türkiyə vətəndaşları da seçkilərə fəal iştirak edir. Bu seçkidə də belə oldu və müsbət dəyərləndirilməlidir". Z. Quliyevin sözlərinə görə, Türkiyədə də seçki ilə bağlı ciddi narazılıq bildirən olmayıb: "Türkiyədə Ərdoğana qarşı bir çox kampaniyaların aparılmasına, tərəfdarlarının ciddi təqibinə, adının hallandığı korrupsiya ilə bağlı qalmaqallar olmasına baxmayaraq, seçkidə açıq şəkildə uğur qazana bildi".

Bahar
AzNews.az