Bəs siz bələdiyyə sədrinizi tanıyırsınızmı? - Sorğu

1 Aprel 2014 08:35 (UTC+04:00)
Türkiyədə keçirilən bələdiyyə seçkiləri ölkəmizdəki bələdiyyələrin işini gündəmə gətirdi. Ortaya belə bir sual çıxdı: bu qurumlar əslində, kim üçün işləyir, ümumiyyətlə işləyirmi?

Əlbəttə ki, qardaş ölkədəki bələdiyyə sistemini Azərbaycandakı ilə eyniləşdirmək fikrimiz yoxdur. Amma hər halda bu özünüidarə sistemi artıq 15 ildir ki, mövcuddur.

Görəsən, Azərbaycan vətəndaşı bu 15 ildə öz bələdiyyəsini tanıyırmı?
Müxtəlif rayon sakinlərindən sorğu keçirdik. Nəticə isə...

Mingəçevir şəhər sakini Səbuhi Abbasov:
- Qeydiyyatda olduğunuz rayonun bələdiyyə sədrini tanıyırsınızmı?
- Mingəçevirdə qeydiyyatdayam. Lakin orda kim seçilib və nə işlə məşğul olur, bilmirəm. Təəssüf ki, bizdə bələdiyyələr o qədər də maraqlı qurum deyillər.
-Yaşadığınız yerdə son dəfə hansı iş görüblər?
-Bildiyimə görə, heç bir şey. Heç insanlar da ora hansısa bir işi görən qurum kimi baxmır.

Suraxanı rayon sakini Samir Əliyev:
-Yaşadığınız rayonun bələdiyyə sədrini tanıyırsınız?
-Yox, tanımıram.
-Bəs məhəlləniz üçün son dəfə hansı işi görüblər?
-Mən bələdiyyənin məhəlləmizdə hansısa işini görməmişəm və bu qurumun nəyə lazım olduğunu da bilmirəm. Əslində bilirəm, amma ölkəmizdə bələdiyyələr ancaq torpaq işinə baxır. Bələdiyyənin ehtiyat fondundakı torpaqları özlərininki hesab edirlər.

Xətai Rayon sakini Orxan Axundsoylu:
-Xətai rayonunun bələdiyyə sədri Ədalət Fərəcovdur.
-Hansı işlər görürlər?
-Heç bir iş görmürlər. Zibil qabları dolur, daşır. Toz-torpaq, daş-kəsək, kağızlar adamın ayağına dolaşır. Su kranları xarab olub. Bircə liftlərimizi dəyişdilər, onlar da xarab çıxdı. Neçə nəfər liftdə qaldı.

Neftçala rayon sakini Faiq Məhərrəmov:
-Bələdiyyə sədrimiz Muxtar Rəsulovdur. Xıllı qəsəbəsində yaşayıram, 3-4 il əvvəl yol çəkilib, o da İcra Hakimiyyətinin təşəbbüsü olub. Bələdiyyələr demək olar ki, heç bir iş görmür.

Xətai Rayonunda qeydiyyatda olan Elman Cəfərli bələdiyyələrin Azərbaycanda işlək qurum olmadığını deyir. Hətta, bələdiyyə sədrinin, üzvlərinin kim olduğunu da tanımır. Deyir ki, bələdiyyələr daha çox torpaq fondu olan rayonlarda tanınır. "Əsas işi əhaliyə həyətyanı və ya obyekt tikmək üçün torpaq satmaqdır. Bakı şəhərinin rayonlarında bələdiyyələr populyar deyil. Əhali əsasən Sovetdən qalma MİS-lərlə (JEK) işləyir. Ev pulu ödəyir, arayış alır və s. Əsas səlahiyyət İcra hakimiyyətlərindədir. Xətai bələdiyyəsi harada yerləşir məlumatım yoxdu. Yəqin ki, Xətai sakinlərinin əksəriyyəti mənim kimi düşünür".

"Bakıxanovun bələdiyyə sədri Nadir Əsədov idi. Amma dəyişilib, ya dəyişilməyib, düzü xəbərim yoxdur". Sabunçu rayon sakini Çinarə bələdiyyənin son dəfə gördüyü işi belə xarakterizə etdi: "Yolları tikirlər, sökürlər. Bir də park salınıb, amma yelləncəklərin yanında zibil qutuları var. Hələ ki, bu məsələyə diqqət edən yoxdur".
Sabunçu rayonunda yaşayan Ramil Cabbarov isə, bələdiyyə sədrini tanımasa da, işlərindən razıdır: "Məhləmizin asfalt örtüyü dəyişdirilib, istilik sistemi yenilənib".

100-ə yaxın insan arasında keçirdiyimiz sorğudan ən maraqlılarını sizə təqdim etdik.

Nigar Etibar
AzNews.az