Gülər Əhmədovanın kassasiya şikayəti qismən təmin edildi

1 Aprel 2014 08:44 (UTC+04:00)
Bu gün Ali Məhkəmədə həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə kassasiya şikayətinə baxılıb.

APA-nın xəbərinə görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə Gülər Əhmədova iştirak etməyib.

Məhkəmə kassasiya şikayətini qismən edib. Qərara əsasən, Apellyasiya Məhkəməsində proses qismən istintaqla aparılacaq, əlavə şahid və ekspertlər yenidən dindiriləcək.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclas zamanı vəkil Əfsər Talıbov məhkəmənin istintaqla aparılması və digər bir neçə vəsatət verib. Lakin vəsatətlər təmin edilməyib. Bunun üçün prosesin ilkin baxış iclasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət olunub. Kassasiya şikayətinə baxıldıqdan sonra Bakı Apellyasiya Məhkəməsində proses davam etdiriləcək.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Ötən il fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmündə onun ifadəsi özünü müdafiə kimi qiymətləndirilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb. Həmin hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

AzNews.az