Nazirlik xəbərdarlıq etdi: “Windows XP”-yə dəstək dayandırılacaq

1 Aprel 2014 09:30 (UTC+04:00)
"Microsoft" şirkətinin rəsmi məlumatına görə, aprelin 8-dən şirkət öz məhsulu olan "Windows XP" sisteminə dəstəyini dayandıracaq. Bu sistemə texniki dəstək və ən əsası təhlükəsizlik yeniləmələri edilməyəcək.

Qeyd olunan tarixdən etibarən "Windows XP" sisteminə təhlükəsizlik yeniləmələrinin dayandırılması səbəbindən bu sistem mühafizə olunmayacaq. Sistemin istifadəçilərinin kompyuterləri təhlükə altında olacaq. Sözügedən tarixdən etibarən "Office 2003" proqramlar paketinə də dəstək dayandırılacaq.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi (ETM) "Windows XP" əməliyyatlar sistemindən istifadə edən bütün istifadəçilərə aprelin 8-dək rəsmi istehsalçı tərəfindən dəstəklənən və daim yenilənən sistemlərə keçməyi məsləhət görür. (AzərTac)