“Siyasi hakimiyyətə qazanc mənbəyi kimi baxırlar“- Ekspert

1 Aprel 2014 10:03 (UTC+04:00)
Qubad İbadoğlu: "Siyasi hakimiyyətdə təmsil olunanlar vəzifə səlahiyyətlərindən sui-istifadə edirlər"

Qubad İbadoğlunun qaynar.info-ya verdiyi müsahibəsi:

- 2014-cü ildə Azərbaycan iqtisadiyyatında artım proqnozlaşdırılır. Amma məsələ burasındadır ki, həm region, həm də qlobal səviyyədə müəyyən hadisələr baş verir. Hesab edirəm ki, həmin proseslərin Azərbaycanın gələcəyinə qüvvətli təsiri ola bilər. Bu baxımdan arxayın və inamlı danışmaq çətindir. Çünki indiki halda baş verən regional və qlobal proseslər Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Hazırda OPEK üzvü ölkələri ilə ABŞ arasında danışıqlar gedir. Həmin dövlətlər Birləşmiş Ştatların təkidilə dünya bazarında neftin satış həcmini artırmaq niyyətindədir. Neftin satış həcminin artması qiymətlərə azaldıcı təsir göstərəcək. Qiymətlərin azalması isə əsas gəlirləri neftdən və qazdan asılı olan Azərbaycan kimi ölkələrdə büdcə üçün müəyyən gərginliklər yarada bilər. Bu hadisələr həm də Rusiyaya qarşı planın tərkib hissəsidir. Yəni plan həmin ölkənin iqtisadi imkanlarının, gücünün azaldılmasına xidmət edir. Amma Azərbaycan da sözügedən proyektdə iqtisadi baxımdan itkilərlə üzləşə bilər. Bu halda iqtisadiyyatımızda növbəti dövrdə baş verəcək müəyyən dəyişiklikləri proqnozlaşdırmaq çox çətindir. Çünki söhbət dünya bazarındakı neftin qiymətinin səviyyəsindən gedir. Nə qədər artacaq, yaxud azalacaq. Eyni zamanda söhbət hər hansı bazardakı qiymət dəyişikliklərinə digər bazarların reaksiyasından gedir. Demək istəyirəm ki, Azərbaycan iqtisadiyyatının bu ssenari üzrə gələcəyini proqnozlaşdırmaq o qədər də asan olmayacaq. Amma proseslər müəyyən iqtisadi təhlükələr və narahatlıqlar yarada bilər.

- Narahatlıqlar əsasən nədən ibarətdir? Başlıca məqamlar hansılardır?

- Əsas məqamlar ondan ibarətdir ki, OPEK üzvü olan ölkələr neftin hasilatının artırılması ilə baglı müəyyən razılıga gələ bilər. Hasilatın artırılması qiymətin ucuzlaşması deməkdir. Qiymətin ucuzlaşması isə Azərbaycanın dünya bazarında neftin satışından əldə etdiyi gəlirlərin azalmasına gətirib çıxara bilər. Bu kontekstdə müşahidələr apardıqda iqtisadiyyatımızın əsasən neft resurslarından və onun satışından əldə olunan gəlirləri nəzərə almaqla, ciddi təhlükələrin yarana biləcəyini demək olar. Təbii ki bu, qiymətin hansı səviyyədə ucuzlaşmasından asılıdır.

"Bu, son nəticədə GUAM-ın da iqtisadi gücünün zəifləməsi deməkdir"

- Rusiyadan söz düşmüşkən, bu ölkə ilə Ukrayna arasındakı gərginliyin həmin dövlətlərin iqtisadi partnyorları hesab olunan Azərbaycan iqtisadiyyatına da gözlənilən təsirləri nədən ibarət olacaq?

- Rusiya idxalda Azərbaycanın əsas tərəfdaşıdır. Həmin ölkədə baş verən proseslər – Rusiya bazarında valyutanın ucuzlaşması, rublun dəyərinin aşagı düşməsi qonşu dövlətdən Azərbaycana mal ixrac edən iş adamlarımızın maraqlarına uyğundur. Bu, rus mallarının Azərbaycan bazarında ucuzlaşmasını şərtləndirir. Həmin nöqteyi-nəzərdən məsələnin müsbət tərəflərindən danışmaq olar. Amma Rusiyada da, Ukraynada da kifayət qədər azərbaycanlı yaşayır. Təbii ki, həmin ölkələrdə baş verən proseslər soydaşlarımızın həm qazanclarına, respublikamıza kömək məqsədilə göndərdikləri malların həcminə, miqyasına azaldıcı təsir göstərir. Ona görə də ümumilikdə götürdükdə Rusiya-Ukrayna, Krım hadisələri Azərbaycana iqtisadi baxımdan birmənalı - müsbət, yaxud mənfi təsir göstərəcək. Şübhəsiz ki, söhbət iqtisadi baxımdan gedir demək düzgün deyil. Prosesin nə qədər dövrü əhatə etməsi, uzun və ya qısa müddətli olması əhəmiyyətli amillərdəndir. Uzun müddətli olacaqsa, bu, Azərbaycanın iqtisadiyyatına daha çox mənfi təsir göstərəcək. Qısa müddətli dövr olacaqsa, müsbət, mənfi təsirlər son nəticədə bir-birlərini kompensasiya edəcək və burada narahatlıq yaranmayacaq.

- Ukrayna hadisələri fonunda GUAM-ın iqtisadi perspektivini necə qiymətləndirirsiniz?

- Bu, siyasi vəziyyətdən asılıdır. GUAM ölkələrində baş verənlər eyni zamanda onların regional oyunçu olaraq birgə mövqelərindən, siyasi iradələrindən asılıdır. İndiki halda bu ölkələr arasında siyasi həmrəylik nümayiş etdirilir, müşahidə olunur. Azərbaycan, Gürcüstan və Moldova Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirlər. İndiki halda tələb olunan siyasi dəstək bu dövlətlər tərəfindən həyata keçirilir. Amma təbii ki, Ukraynanın iqtisadiyyatının zəifləməsi GUAM-ın özünün iqtisadi gücünün azalması deməkdir. Nəzərə alaq ki, GUAM-da, qurumun üzvü olan dövlətlər arasında Ukraynanın aparıcı mövqeyi var. Bu, son nəticədə GUAM-ın da iqtisadi gücünün zəifləməsi deməkdir.

"Bayram ərəfəsində qiymət bahalığı, sonrakı mərhələdə dəyişməz qalması bəzi səbəblərlə əlaqədardır"

- Yəqin ki, İqtisadi Tədqiqatlar Mərkəzi son günlər müşahidə olunan bahalaşma ilə bağlı monitorinqlər aparır. Ümumiyyətlə hər bayram öncəsi baş verən bahalaşmanın sonrakı dövrdə də dəyişməz qalması hansı səbəblərlə əlaqədardır?

- Qiymət bahalaşması əsasən ərzaq məhsullarında baş verir. Novruz bayramı spesifik dövrə təsadüf edir. Çünki bayram mövsümi amillərin qiymət bahalaşmasına təsirinin artdıgı dövrlə üst-üstə düşür. Bildiyiniz kimi bu, ərzaq ehtiyatlarının tükəndiyi dövrdür. Həm də kənd təsərrüfatı məhsullarının bazara çıxarılması üçün imkanlarının məhdud oldugu dövrdür. Digər faktorlar da qiymət artımına təsirsiz ötüşmür. Bu mənada Novruz bayramı ərəfəsində qiymət bahalaşması, qiymətlərin sonrakı mərhələdə də dəyişməz qalması bəzi səbəblərlə əlaqədardır. Novruz bayramı ilə yanaşı, mart-aprel aylarında mövsümi amillərlə də əlaqədar qiymətlərin artdığından bayramdan öncə artan qiymətlər bir çox hallarda sonradan dəyişmir. Amma bəzi qiymətlərin artması bayram süfrəsi ilə də bağlıdır. Məsələn, kişmiş, fındıq, yumurta, qozun qiymətləri. Ola bilər ki, bayramdan sonra onların satışında müəyyən ucuzlaşma müşahidə edilsin.

"Onlar öz qiymətlərini diktə edirlər"

- Bahalaşmadan söz düşmüşkən, istərdim məmur inhisarı, monopoliya faktoruna da toxunaq. Daxili bazarda bəzi nazirlərin, yüksək vəzifəli hakimiyyət rəsmilərinin ayrı-ayrı sahələri qanunsuz olaraq öz inhisarlarına almaları danılmaz faktdır. Bu problemin həlli istiqamətində həlli vacib olan əsas məsələ nədən ibarətdir?

- Bilirsiniz, Azərbaycanın daxili bazarında idxal malların payı kifayət qədər yüksəkdir. İdxalda da ərzaq məhsulları və digər istehlak mallarının üzərində inhisarçılıq hökm sürür. Eyni zamanda idxal malları daxili bazara əlavə ödənişlər hesabına girir. Əlavə ödənişlər isə qiymət üçün xərc artımı rolunu oynayır. Bütövlükdə həm daxildə, həm də ölkəmizə idxal olunan mallarda inhisarçılıq qiymətlərin indiki səviyyəsində əhəmiyyətli rol oynayır. Onlar öz qiymətlərini diktə edirlər. Bizim apardığımız monitorinqlər də, eyni zamanda "güzgü" statistikası metodologiyası tədqiqatları da bunu sübut edir. Bununla bağlı kifayət qədər əhəmiyyətli hesablamalarımız və nəticələrimiz var. Ölkədə siyasi hakimiyyətlə biznes arasındakı əlaqəni, onun formalaşması üçün bağlılığı aradan qaldırmaq lazımdır. Burada söhbət siyasi hakimiyyətin demokratikləşməsindən gedir. İndiki halda siyasi hakimiyyətdə təmsil olunanlar özlərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edirlər. Siyasi hakimiyyətə həm də qazanc mənbəyi kimi baxırlar. Onlar müəyyən inzibati resurslardan bəhrələnir, siyasi hakimiyyətin yaratdığı üstünlüklərdən istifadə edirlər. Son nəticədə bunun əziyyətini istehlakçılar çəkir. Onların qiymətlərin bahalaşmasına təsiri son nəticədə hər bir ailənin büdcəsinin xərclərinin artımını şərtləndirir. Yəni monopoliya məsələsi sırf iqtisadi amil deyil, həm də siyasi faktordur. Bunun üçün inhisarçılığın aradan qaldırılması məqsədilə ciddi siyasi iradə ortaya qoyulmalıdır. Ölkədə daxili bazarda və idxalda hökmran mövqeyə malik şirkətlərin fəaliyyətləri iqtisadi amillərlə zəiflədilməli və bazarda azad rəqabət şəraiti yaradılmalıdır.

AzNews.az