Adam döyən qadın vəzifəli məmurun bacısı çıxdı

1 Aprel 2014 11:25 (UTC+04:00)
Dünən Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə insan alveri və məcburi əmək cinayətində ittiham olunan Aynur Mehdiyevanın işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim İradə Həsənzadə məhkəmə istintağının başlandığını elan etdi. O bildirdi ki, Mehdiyeva Aynur Lətif qızı Cinayət Məcəlləsinin 19 aprel 2013-cü ilədək qüvvədə olmuş 144-1.2.8 və 144-2.1-ci maddələri ilə təqsirləndirilir. Həmin cinayət işi 25 iyun 2013-cü il tarixdə Cinayət Məcəlləsinin 144-2.1-ci maddəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində başlanıb. Cinayət işinin başlanmasına əsas və səbəb Filippin Respublikasının xanım vətəndaşı Lianto Fe Diazın 11 iyun 2013-cü il tarixdə idarəyə ərizə ilə müraciət edərək ona fiziki və psixi zor tətbiq olunduğunu, azadlığının məhdudlaşdırıldığını, iradəsi əleyhinə digər xidmətlərin yerinə yetirilməsinə məcbur edildiyini, pasportunun alınaraq ölkəsinə qayıtmasının qarşısının alındığını göstərməsi faktı olub.

Fenin hüquqi nümayəndəsi Əlövsət Əliyev vəsatət qaldıraraq elan etdi ki, döyülüb, təhqir olunub, "Təmiz Dünya" İctimai Birliyinin himayəsində müayinə olunub. Ə.Əliyev zərərçəkmişə dəymiş mənəvi ziyana görə 10 min manat təzminat tələb etdi. Qarşı tərəf iddanın təmin edilməsini istəmədi. Hakim bu barədə qərarını sonra verəcəyini bildirdi.

A.Mehdiyeva ittiham olunan maddələr üzrə özünü təqsirli bilmədiyini dedi: "Azyaşlı oğlumun ingilis dilini öyrənməsi üçün ingilis dillini bilən dayə axtardım. Dubay şəhərində yerləşən "Nannies Dubai" şirkətinə müraciət etdim. Müraciət nəticəsində Fen mənlə əlaqələndirdilər. Müqaviləyə əsasən onun bizim evdə dayə olması üçün 2500 ABŞ dolları ödəniş apardım. Viza üçün 4500 ABŞ dolları ödədim.Müqavilə 2 illik olub".

Dövlət ittihamçısı A.Mehdiyevadan soruşdu ki, Fenin miqrasiya orqanlarında qeydiyyata salınması üçün niyə müraciət etməyib. O da cavab verdi ki, qardaşları hüquq mühafizə orqanlarında (bir qardaşı polisdə, bir qardaşı prokurorluqda işləyir) işləsə də, ölkə qanunları ilə bağlı məlumatı olmayıb. A.Mehdiyeva Fenin hüquq nümayəndə Əlövsət Əliyevin suallarına cavab verməkdən imtina etdi. Suallar bunlar idi: "Fenin, sizin qardaşlarınızın hüquq mühafizə orqanlarında işləməsindən xəbəri var idimi?", "Prokurorluqda və polisdə işləyən qardaşlarınız niyə cinayətə göz yumub?"

Təqsiriləndirlən şəxs A.Mehdiyeva əyləşdiyi yerdən ifadə versə də, hakim zərərçəkmiş şəxsi Fenin ifadə verməsi üçün mərkəzə dəvət etdi. Hakim Eynulla Vəliyev Fenin sərbəst ifadə verməsinə mane oldu. O, Fenin işgəncəyə məruz qalması, təhqir olunması, hədələnməsi, azadlıqlarının əlindən alınması ilə bağlı etdiyi çıxışlar kəsir, onu yönləndirən suallar verirdi.

Fenin hüquqlarını müdafiə edən şəxslər hakim Eynulla Vəliyevin tərəf tutmasına etiraz etsələr də, o, A.Mehdiyevanı müdafiə edən sualları verməyə davam etdi. Fen bildirdi ki, Aynur Mehdiyeva ilk dəfə onu 2012-ci ilin sentyabrında döyüb: "Mən öz pulumla marketə gedib krem almışdım. Ondan icazəsiz marketə getdiyim üçün məni döydü. Növbəti dəfə Aynur məni oğlu İbrahimin ad günündə (martın 31-də) döydü. Buna səbəb ki, o süfrəni gec yığmağımı səbəb gətirdi. Aprel ayında isə mənim çiyinlərimə qayçı ilə vurdu. Bu dəfə döyməyinə səbəb kimi o qaşıqla çəngəlin yerinin səhv qoymağımı göstərdi. Evdə Günel adlı qulluqçu var.

Onun əri ilə mübahisəsi olduğu üçün 2013-cü ilin yanvar ayından Aynurun evinə az-az hallarda gəlirdi. Onun işini də mən görürdüm. Müqavilədə göstərilməyən işləri məni gördürməyə məcbur edirdilər. Müqavilədə hər həftənin bazar günü istirahət etmək hüququmun olduğu yazılmışdı. Aynur o hüququmu əlimdən almışdı. 1 ildən artıq evində işlədiyim, bir gün də olsa mənə istirahət günü vermədi. Məni ailə üzvlərinin yanında təhqir edirdi, döyürdü. Psixoloji təzyiq göstərirdi. Mən Bakıya gələn ilk gündən pasportumu əlimdən almışdı. Pasportu məndən alanda məni miqrasiya orqanlarında qeydiyyata salacağını bildirdi. Ancaq məni qeydiyyata salmadı, pasportumu da mənə vermədi. İşlədiyim bir il ərzində bir ayın maaşı ödənilməyib. Maaşım 600 ABŞ dolları idi. Onu da deyim ki, Aynur başqa yerə gedəndə məni evdə qoyaraq qapını bağlayıb gedirdi. Aynur Dubaya gedəndə məni anasıgilə apardı. O Dubaydan gələnə kimi mən anasının evini təmizləməyə məcbur edildim.

Həmişə mən nəzarət altında oldum. Sərbəst hərkət etmək imkanı mənə verilməmişdi. Aynurun oğlu İbrahimin nə vaxt aytırdısa mən də o vaxt yatırdım. 2013-cü ilin noyabr ayından başlayaraq mən 2 saat yata bilirdim. Məcburi işlədilirdim".

Fe bildirdi ki, Aynur tərəfindən ona dəfələrlə psixoloji və fiziki işgəncələr verilib. Polisə müraciət etmək istəsə də, Aynur Mehdiyevanın qardaşının polis olduğunu bildiyi üçün bu istəyindən vaz keçib. Düşünüb ki, o polisə müraciət edərsə, Aynurun qardaşı polis olduğu üçün müraciətinə baxılmayacaq. Fe qonşu vasitəsi ilə polisə qarşılaşdığı işgəncə ilə bağlı məlumat göndərib. Polis də Aynur Mehdiyevın evinə gələrək Feni idarəyə aparıb. O zaman Fe polislərə bildirib ki, pasport ondan alınıb və geri qaytarılmayıb.

Növbəti məhkəmə prosesi aprelin 7-i saat 14.00-a təyin olundu.

Bizimyol qəzeti