Ağır Atletika Federasiyası 500 min dollar cərimələndi

1 Aprel 2014 13:45 (UTC+04:00)
Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) 500 min dollar cərimələnib. Lent.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) İcraiyyə Komitəsi qərar çıxarıb.

IWF-nin rəsmi saytında yerləşdirilən xəbərdə bildirilir ki, qurum dopinq istifadəsinə qarşı qətiyyətli mövqeyi ilə əlaqədar 9 idmançısının dopinq analizlərinin müsbət nəticə verməsi səbəbindən AAAF-ı sərt cəzalandırıb. Eyni zamanda ali qurum milli federasiyadan idmançılar, məşqçilər və yığma komandamızın həkimləri ətrafında araşdırmalar aparmağa çağırıb.

İcraiyyə Komitəsi üzvlük haqlarını ödədiyini və ali qurumun günahsız idmançıları cəzalandırmama siyasətini nəzərə alaraq, AAAF-ın IWF-yə üzvlüyünü dayandırmamağı qərara alıb. Bununla belə, AAAF-a kəsilən cərimə 6 ay müddətində ödənilməlidir. Əks halda, IWF-nin təqvim ilində Azərbaycan heç bir ağırlıqqaldırma yarışında təmsil olunmayacaq.

AzNews.az