“Qatil” niyə sevilmədi...

1 Aprel 2014 15:37 (UTC+04:00)
Biz 2011-ci ildə bir neçə yazar Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında (ADAMDT) səhnələşdirilən "Qatil" tamaşasına getdik. Tamaşanı ikinci dəfə izləyirdim. Əvvəl baxdığımda başqa aktyorlar oynayırdı. Birinci dəfə də teksti (ssenarini) bəyənməmişdim. Ancaq ikinci dəhşətli idi. O qədər biabırçı idi ki, soruşdum, uşaqlar, dözəcəksiz sona qədər? Dostlarım elə bil himə bənd idilər, həmən hamı yerindən qalxdı və zalı tərk etdik.

Əvvəla, əsər çox zəifdi, dialoqlar sünidi, gücsüzdü. İkincisi, əsərdə mövzudan başqa ciddi heç nə yoxdu. Mövzu da ciddi deyil, sadəcə Patrik Züskind kimi hətta kontrabasdan da elə yazmaq olar ki, insanlar çaşıb qalsınlar. Üçüncüsü, aktyor oyunu bərbaddı, pafos, sözlərin qulaq deşən səslənişi, saxta hərəkətlər adamın ətini tökür.

Sevişmə səhnəsinə qədər qaldıq, qalmadıq bilmirəm, ancaq o qədər sevmədik ki tamaşanı, altı yazar çıxıb teatrın şikayət kitabçasına sözümüzü yazıb, imza atdıq və birlikdə gözəl bir restoranda şam yeməyinə getdik.

Bu günlərdə teatrı narazı şəkildə tərk edən xanəndəmiz bu tamaşaya baxmağa bir az gecikib, çünki illərdi "Qatil" Azərbaycan izləyicisinin zəhləsini tökür və düşünmürəm ki, orda xalq artistini qıcıqlandıran məhz həmin səhnələr olub. Bir sənət adamı yalandan bir-birinə sarılaraq iki sevgilini canlandıran aktyor oyununa bu qədər aqressiv yanaşmaz. Çünki sevişmə öz-özlüyündə gözəl bir anlayış və insan yaradılışının əsasıdı, əgər səhnə quruluşunda bu proses öz haqqını çox incə bir ustalıqla alırsa, bunu yalnız ayaqda alqışlamaq olar, hay-haray salıb zalı tərk eləmək yaradıcı ruhu olan adama yaraşmaz. Həm də ona görə ki, bizim heç birimizi leylək gətirməyib dimdiyində. Ata-anamız sevişib və biz doğulmuşuq. Əgər bu işi anamız, atamız da görübsə, özümüzü görməmiş və cahil kimi aparmasaq yaxşıdır. Sevişmə yaşam deməkdi, yaranış deməkdi, iki ayrı dünyanın qovuşması, iki ayrı ruhun birləşməsi deməkdi. Ayıb bir şey deyil. Sevişmə olmasa heç nə olmaz... Məsələnin tərbiyəsiz tərəfi qalır tərbiyəsiz adamların boynuna. Men tərbiyəli adamlar üçün yazıram.

Və! Çox güman ki, ümumən tamaşanın zəifliyi sənətkarın sinirlərini gərib və həmin yerində kulminasiyaya çatdırıb. Çünki həllini tapmış sevişmə səhnəsi estetika kimi görünür, porno kimi yox. Ve ?.. Və bu da çoox həssas məsələdi. Canlı-canlı sevişmə səhnəsini tamaşaçıya "yedirtmək", onda qıcıq yaratmamaq olduqca çətin işdi və yüksək peşəkarlıq istəyir.

Xalq artisti deyib ki, mən bütün dünyanı gəzmişəm, belə şey görməmişəm. Bu, yanlış rəy və təqdimatdır. Çünki dünya səhnəsində nələr olduğunu adicə "Mezzo" kanalını izləyərək görmək mümkündü. Bütün günü dünyanın ünlü teatr səhnələrində qoyulan tamaşaları, baletləri izləyirik və orada səhnəyə hətta çılpaq çıxan aktyor truppası, balerinlər də olur. Problem "Qatil" tamaşasının uğursuz üslubu, yazısı, aktyor oyunu və səhnə həllindədi. Bütün bunlar tikan kimi tamaşaçıya batır. Ona görə də belə bir tamaşada sevişmə səhnəsi sevimli görünə bilməz.

musavat.com