Ermənistan ordusu Suriyaya gedəcək

1 Aprel 2014 17:27 (UTC+04:00)
Ermənistanda bu ölkənin ordusunun Suriya müharibəsinə qatılması məsələsi gündəmə gəlib.

ANS PRESS-in məlumatına görə, bu təkliflə siyasi şərhçi Anuş Levonyan çıxış edib və Ermənistan ordusunun Suriyaya "erməni və xristian əhalinin müdafiəsi üçün" göndərməyə çağırıb. Suriyanın ermənilər yaşayan Kesab şəhərindən erməni əhalisinin evakuasiya edilməsi məsələsinə toxunan Levonyan iddia edib ki, əgər bölgədə Ermənistan sülhməramlıları olsaydı, şəhərə ekstremistlərin qanlı hücumları olmazdı.

"Suriyaya gedəcək sülhməramlıların qarşısında dəqiq və aydın məqsədlər olardı: yerli erməni və xristian əhalinin qorunması, peşəkar yerli özünümüdafiə dəstələrinin hazırlanması",- deyə Anuş Levonyan vurğulayıb. Erməni şərhçi həmçinin Ermənistan sülhməramlılarını Əfqanıstandan, Kosovo və Livandan çıxarmağı və onları Suriyaya göndərməyi təklif edib. "Şəksiz ki, bu cür fəaliyyət yalnız Suriya hökumətinin razılığı ilə mümkündür. İndiki şəraitdə, düşünürəm ki, belə razılığı rahatlıqla almaq olar",- deyən siyasi şərhçi Ermənistanı Suriyada Bəşər Əsəd rejimini yıxmağa çalışan qərb ölkələrinə qarşı çıxmağa çağırıb.

Məqaləyə reaksiya verən digər erməni ekspert Naira Ayrumyan siyasi şərhçi Anuş Levonyanın boş yerdən belə bir çağırışla çıxış etmədiyini vurğulayır: "Bu, Kesabda baş verən hadisələrlə bağlı Rusiyanın isterikası fonunda səsləndirilib. Düşünmək olar ki, bu təklif Ermənistan tərəfindən rəsmi şəkildə verilib. Ola bilər ki, bu məsələ Moskvada müzakirə olunacaq".

Naira Ayrumyan aprelin 3-də Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) xarici işlər nazirlərinin görüşü olacağını vurğulayıb: "Şəksiz ki, Moskvada Rusiya əməkdaşlığının faktiki olaraq dayandırılması elan edilmiş NATO-nun nəzərdə tutulan genişlənməsi müzakirə olunacaq".

Naira Ayrumyan bu ssenarinin Ermənistan üçün yaradacağı təhlükələr sırasında NATO ilə əlaqələrin kəsilməsini də vurğulayıb: "Eyni zamanda, alyans Azərbaycanla əməkdaşlığını artıracaq ki, bu da uzun illərdir Qarabağ münaqişəsində atəşkəsin dəstəklənməsinə imkan verən çox illik balansı poza bilər",- deyə erməni şərhçi bildirib.


AzNews.az